QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində UN-Habitat-ın Azərbaycandakı Ölkə Ofisinin rəhbəri və Regional Proqramlar Şöbəsinin Şəhər Laboratoriyası Proqramının təmsilçiləri ilə görüş keçirilib.

Komitə sədrinin müavini Fuad Hüseynov qonaqlara işğaldan azad olunan ərazilərdə görülən bərpa və quruculuq işləri, keçmiş məcburi köçkünlərin geri qayıtması, eləcə də məskunlaşmanın təşkili barədə məlumat verib.

O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında qaçqın və məcburi köçkünlərlə iş ardıcıl və məqsədyönlü şəkildə aparılır. Bu insanların sosial müdafiəsi, yaşayış şəraitinin yaxşılaşdırılması və həyat səviyyəsinin yüksəldilməsi daim diqqət mərkəzindədir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da onların problemlərinə həssas yanaşdığı və hərtərəfli humanitar dəstək göstərdiyi qeyd olunub.

Böyük Qayıdışa dair I Dövlət Proqramı üzrə azad edilmiş ərazilərdə bərpa işlərinin davam etdiyi vurğulanıb. Yaşayış yerlərində zəruri infrastruktur qurulandan, evlərin tikintisi və təmiri yekunlaşandan sonra keçmiş məcburi köçkünlərin həmin ərazilərə köçürüldüyü bildirilib. İndiyədək 50 yaşayış məntəqəsində daimi məskunlaşma təmin olunub. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında hazırda 100 minə yaxın insan yaşayır, işləyir və təhsil alır.

Köçürülmənin planlı aparılması üçün ailələrlə əvvəlcədən sosioloji sorğular keçirilir. Bu zaman onların qayıtmaq istəyi, sosial durumu, ailə üzvlərinin sayı və digər ehtiyacları araşdırılır. Toplanmış məlumatlar təhlil olunur və köçürülmə planına daxil edilir.

Mənzillərin ailələrə ədalətli və şəffaf şəkildə verilməsi üçün püşkatma təşkil edilir. Mənzilin ünvanı və mərtəbəsi bu üsulla müəyyən olunur. Köçdən öncə ailələr tibbi müayinədən keçirilir, köç günü nəqliyyatla təmin edilir, mənzillərin açarları təqdim olunur və zəruri sənədləşmə aparılır.

Görüş zamanı mina və partlamamış hərbi sursatların yaratdığı təhlükənin Böyük Qayıdışa təsiri də müzakirə edilib. Bu təhlükələrin əhalinin təhlükəsizliyinə və azad edilmiş ərazilərdə quruculuq işlərinə ciddi maneə olduğu bildirilib. Risklər barədə məlumatlılığı artırmaq və təhlükəsiz davranış qaydalarını öyrətmək üçün mütəmadi maarifləndirmə tədbirlərinin keçirildiyi qeyd olunub. Tədbirlərdə mina və partlamamış sursatların törətdiyi risklər, təhlükəli yerlərdə davranış və şübhəli əşya aşkarlandıqda atılmalı addımlar izah edilir.

Tərəflər qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıb, gələcək əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər.