QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Vermont Universitetinin alimləri pivə və yüksək spirtli içkilərin qaraciyərə qırmızı şərabdan daha mənfi təsir göstərə biləcəyini müəyyən ediblər. Bununla belə, az miqdarda qırmızı şərab qəbulu bəzi araşdırmalarda qaraciyərin daha az zədələnməsi ilə əlaqələndirilib.

Tədqiqatın nəticələri “Nutrients” elmi jurnalında dərc olunub. Alimlər müxtəlif spirtli içkilərin qaraciyər sağlamlığına təsirini araşdıran 74 elmi işi nəzərdən keçiriblər. Təhlilə həm insanlar üzərində aparılmış araşdırmalar, həm də heyvanlarla bağlı eksperimentlər daxil edilib.

Nəticələrə əsasən, tünd spirtli içkilər laboratoriya və klinik tədqiqatlarda qaraciyərə mənfi təsir göstərib. Pivə ilə bağlı araşdırmaların əksəriyyətində də mənfi nəticələr qeydə alınıb.

Qırmızı şərab üzrə bəzi tədqiqatlarda az miqdarda qəbulun qaraciyərin daha az zədələnməsi ilə əlaqəsi müşahidə edilib. Alimlər isə nəticələrdəki fərqin təkcə içkinin növündən asılı olmaya biləcəyini və başqa amillərin də rol oynaya biləcəyini bildiriblər.

Tədqiqat müəllifləri istənilən spirtli içkinin həddindən artıq qəbulunun qaraciyərə zərər verdiyini vurğulayıblar.