QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, kofeinsiz qəhvə qəbulundan yarım saat sonra diqqət, yaddaş və reaksiya sürətində müsbət dəyişikliklər yarana bilər. Çinli alimlərin araşdırması qəhvənin beyin fəaliyyətinə təsirinin yalnız kofeinlə bağlı olmaya biləcəyini göstərib.

Tədqiqatın nəticələri “Frontiers in Neurology” jurnalında dərc olunub. Araşdırmaya 31 yetkin könüllü cəlb edilib. Tədqiqatçılar iştirakçıların diqqətini, yaddaşını və reaksiya sürətini qəhvə içməzdən əvvəl, eləcə də qəbuldan 30 dəqiqə sonra yoxlayıblar. Beyin fəaliyyətindəki dəyişikliklər funksional maqnit-rezonans tomoqrafiyası ilə izlənilib.

Nəticələrə görə, kofeinsiz qəhvə içən iştirakçılar diqqət tələb edən və məlumatı yadda saxlamağa yönələn tapşırıqları daha tez tamamlayıblar. Barmaq hərəkətlərinin sürətini ölçən sınaqlarda da yaxşılaşma müşahidə olunub.

Beyin görüntüləməsi vizual informasiyanın emalında iştirak edən bəzi sahələrdə aktivliyin artdığını üzə çıxarıb. Hərəkətlərin idarə olunmasına cavabdeh nahiyələrdə də dəyişiklik qeydə alınıb. Həmçinin beyin sahələrindən birinin aktivliyi ilə iştirakçıların diqqət testlərini yerinə yetirmə sürəti arasında əlaqə müəyyən edilib.

Araşdırmada arzuolunmaz təsirlər də qeydə alınıb: kofeinsiz qəhvədən sonra iştirakçıların diastolik qan təzyiqi yüksəlib, baş ağrıları isə güclənib. Ürək döyüntülərinin tezliyində və sistolik təzyiqdə ciddi dəyişiklik olmayıb.

Tədqiqat müəllifləri qəhvənin sinir sisteminə təsirində kofeindən başqa, içkinin tərkibindəki digər bioloji aktiv maddələrin də rol oynaya biləcəyini düşünürlər.

Kofeinsiz qəhvə adi qəhvə dənələrindən hazırlanır və istehsal zamanı xüsusi üsullarla onların kofeininin böyük hissəsi çıxarılır. Bununla belə, içkidə az miqdarda kofein qala bilər. Bu qəhvə adi içkinin dadını saxlamaqla kofein qəbulunu azaltmaq istəyənlər üçün alternativ sayılır.