QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Ağdam Şəhəri Günü münasibətilə Ağdam Muğam Mərkəzində fotosərgi və rəsm sərgisi təşkil olunub.
Mədəniyyət Nazirliyi və Azərbaycan Fotoqraflar Birliyinin keçirdiyi “Ağdam: zamanın qanadında” adlı fotosərgidə yeddi peşəkar fotoqrafın 30-dan çox işi nümayiş etdirilib. Fotolarda rayonun tarixi yaddaşı, təbiəti və bərpa-quruculuq prosesi əksini tapıb.
Bayram tədbirləri çərçivəsində ABŞ-də yaşayan rəssam və memar Yavər Rzayevin “Könlüm keçir Qarabağdan” adlı sərgisi də açılıb. Burada onun 2010-cu ildə ABŞ-də ərsəyə gətirdiyi 11 əsər təqdim olunub. Rəsmlər Qarabağın təbiətinə, doğma torpağa bağlılığa və Vətən həsrətinə həsr edilib.
Rzayev doğma yurdunun mənzərələrini xatirələrindən kətana köçürüb. Əsərlərdə Qarabağın dağları və təbiəti, işıqlı rənglər, doğma torpağın ruhu, eləcə də insanın Vətənə dərin bağlılığı təsvir olunub.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, mədəniyyət nazirinin müavini Murad Hüseynov və rayon ictimaiyyətinin nümayəndələri hər iki sərgi ilə tanış olublar.