QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, 17-18 noyabrda Moldovanın paytaxtı Kişineuda Beynəlxalq Enerji Agentliyinin Avropa İttifaqının dəstəyi ilə həyata keçirdiyi “EU4Energy” proqramı çərçivəsində elektrikləşmənin sürətləndirilməsinə həsr olunan beynəlxalq siyasət forumu keçirilib.

Tədbirdə müxtəlif ölkələrin dövlət qurumları, enerji şirkətləri, beynəlxalq təşkilatlar və ekspert dairələrinin nümayəndələri iştirak edib. Azərbaycanı ekspertlər və aidiyyəti qurumların əməkdaşlarından ibarət heyət təmsil edib. Heyətə “Azərişıq” ASC-nin nümayəndəsi Araz Məmmədzadə də daxil olub.

Forumda elektrikləşmənin sürətləndirilməsi, elektroenergetika infrastrukturunun yenilənməsi, bərpa olunan enerji mənbələrinin sistemə inteqrasiyası, rəqəmsal həllərin tətbiqi və enerji təhlükəsizliyinin gücləndirilməsi üzrə təcrübə mübadiləsi aparılıb.

Araz Məmmədzadə “Azərbaycanda elektrikləşmə” mövzusunda təqdimatla çıxış edib. O, son illərdə ölkənin elektroenergetika sahəsində aparılan struktur və texnoloji dəyişikliklər, şəbəkələrin bərpası və yenilənməsi, rəqəmsal idarəetmənin inkişafı, eləcə də görülən işlərin nəticələri barədə məlumat verib.

Çıxışda elektrik enerjisinin əlçatanlığının təmin olunması, paylayıcı şəbəkələrdə texniki və enerji itkilərinin azaldılması, təchizatın etibarlılığının yüksəldilməsi, müasir yarımstansiyalarla intellektual uçot sistemlərinin tətbiqi, SCADA və digər rəqəmsal idarəetmə vasitələrinin genişləndirilməsi üzrə nəticələr qeyd edilib.

Təqdimatda bildirilib ki, Azərbaycanda elektrik enerjisinə çıxış 100 faizə çatıb. Paylayıcı şəbəkələrdə itkilərin səviyyəsi isə 2015-ci ildəki 13,6 faizdən 2026-cı ilin ilk yarısında 8,4 faizə enib. Bu göstəricilər modernləşmə və səmərəliliyin artırılması tədbirlərinin nəticəsi kimi təqdim olunub.

Müzakirələrin digər istiqaməti elektrik nəqliyyatı və elektromobillik infrastrukturu olub. Elektrikli avtomobil və avtobus parklarının artırılması, enerji doldurma məntəqələrinin qurulması, əlavə yüklərin şəbəkələrə təsiri, güc ehtiyaclarının planlaşdırılması və ağıllı doldurma texnologiyalarının tətbiqi müzakirə edilib.

Forumda süni intellekt və proqnozlaşdırma vasitələrinin elektroenergetikada istifadəsi imkanları da təqdim olunub. Tələbatın və bərpa olunan enerji istehsalının proqnozlaşdırılması, avadanlıqların texniki durumunun izlənməsi, şəbəkə yüklərinin optimallaşdırılması və qərarvermənin təkmilləşdirilməsi üçün analitik və süni intellekt əsaslı həllərin rolu vurğulanıb.

COP31-in iqlim gündəliyi çərçivəsində elektrikləşmənin sürətləndirilməsi, təmiz enerji texnologiyalarının təşviqi və karbon emissiyalarının azaldılması ilə bağlı beynəlxalq təşəbbüslərə də toxunulub. Azərbaycanın yaşıl enerji keçidi, bərpa olunan mənbələrin inteqrasiyası və regional enerji bağlantılarının inkişafı üzrə prioritetləri iştirakçıların diqqətinə çatdırılıb.

Təqdimatdan sonra Moldova, Ukrayna, Gürcüstan, Ermənistan, Almaniya, Belçika, Fransa, İtaliya və digər ölkələrdən olan iştirakçılar, habelə beynəlxalq ekspertlərlə müzakirələr aparılıb. Onların Azərbaycan elektroenergetika sektorundakı islahatlar, şəbəkələrin inkişafı və gələcək elektrikləşmə perspektivləri ilə bağlı sualları cavablandırılıb.

Fikir mübadiləsi zamanı şəbəkələrin yenilənməsi, bərpa olunan enerjinin inteqrasiyası, elektromobillik, rəqəmsallaşma və qabaqcıl texnologiyalardan istifadə sahələrində müxtəlif ölkələrin təcrübəsi nəzərdən keçirilib.

Beynəlxalq Enerji Agentliyinin “EU4Energy” proqramı çərçivəsində mütəmadi keçirdiyi forumlar regional enerji əməkdaşlığının dərinləşdirilməsi, qabaqcıl təcrübələrin bölüşülməsi və elektrikləşmə siyasətinin təkmilləşdirilməsi üçün platforma rolunu oynayır.

Azərbaycanın enerji sektorunda aparılan islahatlar, müasir texnologiyaların tətbiqi və infrastrukturun inkişafı beynəlxalq ekspert və nümayəndələrin marağına səbəb olub. Belə tədbirlər ölkənin təcrübəsinin beynəlxalq səviyyədə paylaşılmasına, peşəkar əlaqələrin genişlənməsinə və regional enerji transformasiyasında Azərbaycanın mövqeyinin möhkəmlənməsinə imkan yaradır.