QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, tanınmış jurnalist Şərəf Cəlili Bakı Dövlət Universitetinin (BDU) müəllimi olan həyat yoldaşı Nəriman Süleymanovun (Qocatürk) qəfil vəfatına münasibət bildirib.
“Bu məlumat doğrudur. O, bir rektorun qurbanı oldu”, – deyə Cəlili bildirib. O, həmçinin sərəncama diqqət yetirilməsini xahiş edib və məsələ ilə bağlı daha sonra açıqlama veriləcəyini söyləyib. Jurnalist əlavə məlumat verməyib.
Cəlilinin həmin gün BDU-nun rektoru Elçin Babayevin vəzifəsindən azad olunmasını nəzərdə tutduğu ehtimal edilir. Məsələnin təfərrüatları açıqlanmayıb.
Bir neçə gün əvvəl Süleymanovun tələbələrə qarşı qeyri-etik davranışlarda yol verdiyi iddia olunmuşdu.
Nəriman Süleymanov 1967-ci ildə İsmayıllı rayonunun Quşencə kəndində anadan olub. 1990–1995-ci illərdə BDU-nun Filologiya fakültəsində oxuyub. Təhsilini başa vurduqdan sonra universitetdə işləyib və Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının baş müəllimi olub.
Kafedraya sabiq deputat, professor Rəbiyyət Aslanova rəhbərlik edir.