QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Bakının Binəqədi rayonunun Çiçək qəsəbəsində avtomobilin icazəsiz idarə olunması üstündə yaranan mübahisə bıçaqlanma ilə nəticələnib.

Ağsu sakini, 1988-ci il təvəllüdlü Anar tanışı Bəylərin evinin qarşısına gedərək onun atası Rövşənə oğlunun bir gün əvvəl avtomobilini icazəsiz sürməsinin düzgün olmadığını deyib. Həmin vaxt gələn Bəylər isə məsələ ilə bağlı valideynlərini narahat etdiyinə görə Anara irad bildirib və problemin öz aralarında həll olunacağını söyləyib. Atası evə keçəndən sonra Anarla Bəylər arasında dava düşüb. Anar kəsici-deşici alətlə Bəylərə bədəninin müxtəlif nahiyələrindən xəsarət yetirib.

Anara əvvəlcə Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə, yəni ümumi təhlükəli üsulla və xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən ağır zərər vurmaqda ittiham irəli sürülüb. O, məhkəmədə təqsirini qismən qəbul edib.

Anarın ifadəsinə görə, hadisədən əvvəl yeznəsi Aydın onu Bəylərlə birgə olduğu kafeyə çağırıb. Anar “Şamaxinka” adlanan ərazidəki “Şəki” kafesində onlarla yemək yeyib, spirtli içki qəbul etdiklərini və aralarında zarafat etdiklərini bildirib. Daha sonra evdən təcili çağırış alaraq “Chevrolet Nexia” avtomobili ilə yaşadığı ünvana qayıdıb.

O, evə daxil olub 5-10 dəqiqə sonra avtomobilinin yerində olmadığını görüb. Oğlu Həsənlə maşını axtarıb, daha sonra avtomobilin 200-300 metr aralıda saxlandığını öyrənib. Anarın sözlərinə görə, maşını Bəylər idarə edərək həmin yerə aparmışdı. O, Bəylərə yalnız irad tutduğunu, təhqir etmədiyini deyib.

Anar söyləyib ki, ertəsi gün Aydın ona Bəyləri söydüyünü bildirdikdən sonra anlaşılmazlığın böyüməsindən ehtiyatlanıb. Təxminən saat 23 radələrində Bəylərin evinə gedərək həm üzr istəmək, həm də avtomobilin icazəsiz götürülməsini atası ilə müzakirə etmək niyyətində olub.

Onun ifadəsinə əsasən, Rövşənlə söhbət etdiyi vaxt Bəylər əlinə spirtli içki alaraq yanlarına gəlib və Anarı kənara çəkərək danışmaq istəyib. Anar bunu qəbul etmədiyini, Bəylərin isə onun sifətinin sol tərəfinə və başına yumruq vurduğunu bildirib. Rövşən onları ayırdıqdan sonra həyətə keçib.

Anar daha sonra maşından atasına məxsus alma bıçağını götürərək Bəylərə yaxınlaşıb. O, Bəylərə əl qaldırmaması barədə xəbərdarlıq etdiyini deyib. İfadəsinə görə, Bəylər yenidən onun üzərinə gəlib, təpiklə vurub və yerə yıxaraq döyməyə başlayıb. Anar həmin vaxt bıçaqla xəsarət yetirdiyini xatırlamadığını, sonradan Bəylərin boyun və sinə nahiyəsindən qan axdığını gördüyünü bildirib.

Anar Bəyləri avtomobilinə mindirərək xəstəxanaya apardığını, əvvəllər xəstəliyi ilə əlaqədar Respublika Psixiatriya Xəstəxanasında stasionar müalicə aldığını da qeyd edib.

Bakı Ağır Cinayətlər Məhkəməsi əməli Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif edib. Anar 3 il müddətinə azadlıqdan məhrum olunub və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.