QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Bakıda reklam agentliyinin direktoru xırda xuliqanlıq törətməkdə təqsirli bilinib və 8 sutka inzibati həbsə məhkum olunub. Qərarı Binəqədi Rayon Məhkəməsi çıxarıb.

Məhkəmə işində adı keçən Elvin Həsənov 1993-cü ildə anadan olub və Gədəbəy rayonundandır. O, “Zen Agency” reklam agentliyinə rəhbərlik edir. Həsənov Binəqədi rayonundakı “West Town” yaşayış kompleksində tanışı ilə mübahisə edərək ictimai asayişi pozmaqda ittiham olunub.

İş materiallarında göstərilir ki, tərəflər daha əvvəl İT sahəsində birgə işləyiblər. Aralarında pul və borc məsələlərinə görə narazılıq yaranıb. Telefonla danışarkən anlaşa bilməyən şəxslər yaşayış binasının həyətində görüşüb, söhbət isə sözlü münaqişəyə çevrilib.

Mübahisədən sonra zərərçəkmiş şəxs Daxili İşlər Nazirliyinin 102 xidmətinə və polisə müraciət edib. O, hücuma məruz qaldığını və təhqir edildiyini bildirib.

Araşdırma nəticəsində agentlik rəhbərinin tanışına qarşı təhqiramiz sözlər işlətdiyi, həmçinin yaşayış kompleksində səs-küy yaratdığı müəyyən olunub.

Məhkəmə əməli İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi — xırda xuliqanlıq kimi qiymətləndirib. Həsənov 8 gün müddətinə inzibati qaydada həbs edilib. Müddət onun saxlanıldığı saat 02:50-dən hesablanacaq.

Məlumata görə, “Zen Agency” MMC-nin nizamnamə kapitalı 10 manatdır. Şirkətin qanuni təmsilçisi Həsənov Elvin Ellaz oğludur. Hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 64, mənzil 40 göstərilib.