QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, PAŞA Holding yerli jurnalistlərin peşəkar inkişafı və beynəlxalq media mühitinə inteqrasiyası məqsədilə Media Development Program layihəsinə başlayıb. Şirkətin 20 illik yubileyi münasibətilə təşkil olunan proqram qabaqcıl təcrübənin öyrənilməsi və yeni jurnalistika vasitələrinin mənimsənilməsinə şərait yaradacaq. Təşəbbüsün həyata keçirilməsinə bu il 20 yaşını qeyd edən PAŞA Insurance və PAŞA Real Estate şirkətləri dəstək verir.

İngilis dilində aparılacaq təlimlər müasir jurnalistikanın bir sıra istiqamətlərini əhatə edəcək. İştirakçılar məlumat axtarışı, onun yoxlanması və təhlili, rəqəmsal alətlərin tətbiqi, fərqli kontent formatları və süni intellekt texnologiyalarından redaksiyalarda istifadə üzrə bacarıqlarını inkişaf etdirəcəklər.

İki hissədən ibarət layihənin ilk mərhələsində beynəlxalq media mütəxəssisi və təlimçi Den Meyson Bakıda dörd günlük intensiv təlim keçirəcək. Seçilmiş jurnalistlər beynəlxalq təcrübə, keyfiyyətli materialların hazırlanmasına müasir yanaşmalar və dünyanın aparıcı redaksiyalarında işlədilən alətlərlə tanış olacaqlar. Təlimdə yeni texnologiyaların, o cümlədən süni intellektin gündəlik jurnalist işində istifadəsinə xüsusi yer ayrılacaq.

Növbəti mərhələdə iştirakçılar Londona gedərək beynəlxalq media nümayəndələrinin qatıldığı News Rewired konfransında iştirak edəcəklər. Tədbirdə jurnalistikanın aktual istiqamətləri, texnoloji yeniliklər və media sektorunun gələcəyi müzakirə olunur. Proqram iştirakçıları, həmçinin xarici media təmsilçiləri ilə peşəkar görüşlər keçirmək və təcrübə bölüşmək imkanı qazanacaqlar.

PAŞA Holding-in qrup üzrə ictimaiyyətlə əlaqələr və kommunikasiya direktoru Aytac Muxtarzadə bildirib ki, jurnalistlər və media qurumları şirkətin əsas maraqlı tərəfləri sırasındadır. Onun sözlərinə görə, güclü jurnalistika məlumatlı cəmiyyətin yaranmasına və müxtəlif tərəflər arasında konstruktiv dialoqa töhfə verir.

Muxtarzadə jurnalistlərin davamlı inkişafı, beynəlxalq təcrübəni öyrənməsi və yeni texnologiyalara yiyələnməsi üçün imkanların yaradılmasını vacib saydıqlarını qeyd edib. O əlavə edib ki, proqramla iştirakçıların peşəkar bacarıqlarının və beynəlxalq əlaqələrinin genişləndirilməsi, eləcə də Azərbaycan jurnalistikasının beynəlxalq media məkanında daha fəal təmsil olunması hədəflənir.