QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Milli Məclisin deputatı Ceyhun Məmmədov 8 Noyabr – Zəfər Günü münasibətilə Vətən müharibəsinin nəticələrini və azad edilmiş ərazilərdə görülən işləri dəyərləndirib.

O bildirib ki, 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük müharibə nəticəsində işğal altında olan torpaqlar şəhidlərin, hərbçilərin və qazilərin canı bahasına azad edildi. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu düşməni məğlub edərək ölkənin ərazi bütövlüyünü bərpa etdi.

Məmmədovun sözlərinə görə, noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi Zəfər Gününün əsas tarixi hadisələrindəndir. Prezident İlham Əliyevin sərəncamı ilə bu gün hər il ölkədə qeyd olunur.

Deputat qələbənin xalqın iradəsi, iqtisadi imkanlar, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi sayəsində əldə edildiyini vurğulayıb. O əlavə edib ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar və Azərbaycanın haqq işinə dəstək göstərən digər xalqların nümayəndələri erməni lobbisinin kampaniyalarına qarşı mübarizə aparıblar. Ölkə vətəndaşları isə etnik və dini mənsubiyyətindən asılı olmayaraq həmrəylik nümayiş etdiriblər. Bu birlik “Dəmir yumruq” ifadəsi ilə səciyyələndirilib.

Ceyhun Məmmədov Şuşanın azad edilməsindən sonra qurulan “Laçın” sərhəd-buraxılış məntəqəsinin əhəmiyyətinə də toxunub. Onun sözlərinə görə, məntəqə 2023-cü il aprelin 23-də Laçın rayonu ərazisində, Həkəri çayı üzərində yaradılıb. Deputat bu addımı Şuşa zəfərindən sonrakı mühüm hərbi-siyasi nailiyyətlərdən biri adlandırıb.

Məmmədov qeyd edib ki, 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycanın suverenliyi tam bərpa olunub. Xankəndi, Xocalı, Xocavənd, Ağdərə və Əsgəran şəhərlərində dövlət bayrağı ucaldılıb.

Deputat azad edilmiş ərazilərdə aparılan quruculuq işlərinin Prezident İlham Əliyevin fəaliyyətinin nəticəsi olduğunu bildirib. Onun sözlərinə görə, qısa müddətdə Füzuli, Zəngilan və Laçın beynəlxalq hava limanları tikilərək istifadəyə verilib; avtomobil yolları, tunellər və dəmir yolu xətləri çəkilir.

“Böyük Qayıdış” Proqramı çərçivəsində Laçın, Şuşa, Füzuli və Cəbrayıl şəhərlərinə, eləcə də Talış, Suqovuşan, Ağalı, Zabux və Müşkülbəyli kəndlərinə keçmiş məcburi köçkünlərin qayıdışı təmin edilib. Məmmədov həmin ərazilərdə “ağıllı kənd” və “ağıllı şəhər” layihələrinin həyata keçirildiyini deyib.

O, erməni vandalizmi nəticəsində dağıdılmış yüzlərlə məscidin, tarixi abidənin və mədəniyyət ocağının ilkin memarlıq üslubuna uyğun bərpa olunduğunu, azad edilmiş şəhərlərdə isə İşğal və Zəfər muzeylərinin tikildiyini bildirib.

Deputat qarşıdakı əsas vəzifələr sırasında Qarabağ və Şərqi Zəngəzurun təhlükəsiz yaşayış məkanına çevrilməsini, regionun davamlı iqtisadi inteqrasiyasını, “Yaşıl enerji” zonasının yaradılmasını və Azərbaycanın beynəlxalq nüfuzunun artırılmasını qeyd edib.

Məmmədovun fikrincə, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə qarşıya qoyulan hədəflərə çatacaq. O, xalq-iqtidar birliyinin möhkəm olduğunu vurğulayaraq, 44 günlük müharibənin Ermənistanın 30 illik işğalına son qoyduğunu və Azərbaycanı qalib dövlət kimi tarixə yazdığını bildirib.