QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Bakının Nərimanov rayonunda yolun çökməsi nəticəsində kanalizasiyaya düşərək həyatını itirən 27 yaşlı Cümşüd Cümşüdlünün ölümü ilə bağlı məhkəmə işi yekunlaşıb. Bakı Sukanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərinin qəza-bərpa sahəsinin rəisi Azər Cümşüdov 3 il müddətinə azadlıqdan məhrum edilib.
Nərimanov Rayon Məhkəməsində hökmü hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən iclasda elan ediblər. Cümşüdov cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
Əvvəlki iclasda prokuror təqsirləndirilən şəxsə 5 il həbs cəzası verilməsini və onun məhkəmə zalında həbs olunmasını istəmişdi. Cümşüdov məhkəmə prosesi boyunca həbsdə olmayıb; onun barəsində polis nəzarətinə vermə qətimkan tədbiri seçilmişdi.
Baş Prokurorluğun məlumatına əsasən, hadisə iyunun 26-da saat 20:30-da baş verib. 1997-ci il təvəllüdlü Cümşüd Cümşüdlü Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 20/90 ünvanının yaxınlığında kollektorun çökməsi ilə yaranan kanalizasiya sularının axdığı kanala düşüb.
Axtarış zamanı onun meyiti iyunun 28-də saat 15:35-də Suraxanı rayonunun Hövsan qəsəbəsində, kanalizasiya sularının təmizlənməsi üçün nəzərdə tutulan anbarda aşkarlanıb.
Prokurorluq əməkdaşları hadisə yerini və meyiti yoxlayıb, müşahidə kameralarının görüntülərini əldə ediblər. Araşdırma nəticəsində kanalın Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin Bakı Su Kanal İdarəsinin balansında olduğu və həmin qurum tərəfindən istismar edildiyi müəyyənləşib.
Hadisə ilə bağlı Nərimanov Rayon Prokurorluğu Cinayət Məcəlləsinin 314.2-ci maddəsi, yəni ehtiyatsızlıqdan ölümə səbəb olan səhlənkarlıq üzrə cinayət işi açıb.