QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Hacıqabul rayonunda 61 yaşlı kişi ailədaxili mübahisə zamanı kürəkənini taxta parçası ilə vurub.
1965-ci il təvəllüdlü Zeynal kürəkəni Nadir (adlar şərtidir – red.) ilə şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı ona xəsarət yetirib. Zeynal barəsində Cinayət Məcəlləsinin qəsdən sağlamlığa zərər vurmanı nəzərdə tutan 128-ci maddəsi ilə ittiham irəli sürülüb.
Məhkəmədə təqsirləndirilən şəxs ittihamı qəbul edib. O bildirib ki, qızı Nərminə və Nadir 2020-ci ildə evlənib, onların iki azyaşlı övladı var və ailə onunla qonşuluqda yaşayır. Hadisə günü saat 23 radələrində evində yatarkən Nərminə uşaqları ilə birlikdə onun yanına gəlib. Qızı ərinin sərxoş halda evə gələrək onu döydüyünü deyib.
Zeynalın sözlərinə görə, təxminən yarım saat sonra Nadir Nərminə və uşaqları aparmaq üçün onun evinə gəlib. Giriş qapısının yanında aralarında mübahisə yaranıb, Nadir sərxoş vəziyyətdə ona xoşagəlməz sözlər deyib. Zeynal əsəbiləşərək qapı kənarındakı taxta parçasını götürüb və kürəkəninin başına iki dəfə vurub. Bundan sonra Nadir öz evinə qayıdıb.
Zərərçəkmiş Nadir isə hadisə günü bir qədər spirtli içki qəbul etdikdən sonra evə gəldiyini və həyat yoldaşı ilə mübahisə etdiyini bildirib. Onun ifadəsinə əsasən, mübahisə zamanı Nərminənin başına yumruqla bir dəfə zərbə endirib, daha sonra yatıb.
Oyananda arvadı və uşaqlarının evdə olmadığını görən Nadir onları axtarıb. Nərminənin atası Zeynalın evinə getdiyini düşünüb ora yollanıb. Giriş qapısının yanında uşaqları və Nərminəni evə aparmaq barədə qayınatası ilə sözlü mübahisəyə başlayıb. Nadir bildirib ki, Zeynal taxta parçası ilə onun başının təpə nahiyəsindən iki dəfə vurub. O, oradan uzaqlaşaraq evinə gedib və döyülməsi barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verib.
Nadir ifadəsində qayınatası ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini və şikayətinin olmadığını deyib. Hacıqabul Rayon Məhkəməsi Cinayət Məcəlləsinin 73.2-ci maddəsini tətbiq edərək Zeynalı cinayət məsuliyyətindən azad edib və iş üzrə icraata xitam verib.