QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Bakının Xətai rayonunda, Gəncə prospektində gənc qayınanasının qızıllarını oğurlayıb.

Araşdırma zamanı əməli 2003-cü il təvəllüdlü Kərim Gəraybəylinin (ad-soyad şərtidir) törətdiyi müəyyən edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi üzrə cinayət işi başlanıb.

Məlumata görə, K.Gəraybəyli sosial şəbəkədə tanış olduğu qızla ailə qurmaq qərarına gəlib və ailəsi ilə birlikdə elçi gedib. Razılıq alındıqdan sonra nişan mərasiminin tarixi müəyyənləşdirilib. Daha sonra qızın anası zinət əşyalarını taxmaq istəyərkən onların itdiyini görüb.

İstintaq materiallarına əsasən, K.Gəraybəyli qızın anasının evində olarkən 22 420 manat dəyərində qızıl-zinət əşyalarını götürərək satıb.

O, satışdan əldə etdiyi vəsaitin 3 000 manatını nişanlısına “İphone 17 Pro” telefonu almağa xərcləyib. Restoranda şam yeməyinə 370 manat ödəyib, xonça hazırlanması üçün qıza 2 800 manat verib, nişan üzüyünə isə 1 500 manat sərf edib.

Polisin araşdırması nəticəsində oğurluq üzə çıxıb. Hadisənin nişan mərasimi günü məlum olduğu bildirilir. K.Gəraybəylinin azadlığı 3 il müddətinə məhdudlaşdırılıb.