QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, dələduzluqda təqsirləndirilən keçmiş vəkil Namizəd Səfərovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə istintaq materiallarına daxil edilmiş sənədlərin araşdırılmasına başlanılıb. Daha sonra məhkəmə istintaqının başa çatdığı elan olunub və tərəflərin çıxışlarına keçilib.

Dövlət ittihamçısı Valeh Ələkbərov məhkəmədən Səfərova 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilməsini istəyib. İşə növbəti baxış noyabrın 26-da olacaq.

İttihama əsasən, keçmiş vəkil vətəndaşın etibarından istifadə edərək 53 min manat alıb. O, işdən azad edilmiş şəxsi əvvəlki vəzifəsinə qaytaracağına inandırsa da, vədini yerinə yetirməyib. Bundan sonra vətəndaş polisə müraciət edib.

Namizəd Səfərova Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə ittiham irəli sürülüb.