QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Qazax rayonunda dörd nəfərin həyatına son qoyan yol qəzasının səbəbləri açıqlanıb. Həlak olanlardan ikisi azyaşlıdır.

Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, məhkumluq həyatı yaşamış İ.Müsədirov etibarnaməsiz idarə etdiyi avtomobillə gecə vaxtı ensiz yolda yüksək sürətlə hərəkət edib.

Yolun döngəsində nəqliyyat vasitəsinə nəzarəti itirən sürücü qarşıdan gələn maşına çırpılıb. Qəzada İ.Müsədirovla yanaşı, digər avtomobilin sürücüsü S.Dəryahquliyev, onun 8 yaşlı qızı və həmin yaşda olan bacısı oğlu da ölüb.

İdarənin açıqlamasında bildirilib ki, bu ilin ilk 10 ayında sürət həddinin aşılması 346 yol-nəqliyyat hadisəsinə səbəb olub. Nəticədə 256 nəfər həyatını itirib, 216 nəfər xəsarət alıb.

BDYPİ qeyd edib ki, sürət həddini aşmaq ölkədə ən çox rast gəlinən yol hərəkəti qayda pozuntusudur. Açıqlamada sürücülər yol hərəkəti qaydalarına əməl etməyə və həm şəxsi, həm də ictimai məsuliyyəti unutmamağa çağırılıb.