QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, “Borussiya Dortmund” “Qalatasaray”ın futbolçusu Yunus Akgünlə maraqlanır və onun transferi üçün üç ayrı variant hazırlayıb.

DAZN telekanalının proqramında yayılan məlumata əsasən, bu mövsüm seçilən oyun nümayiş etdirən 26 yaşlı yarımmüdafiəçi Dortmund klubunun transfer planlarına daxil edilib. Okan Burukun rəhbərlik etdiyi komandada aparıcı oyunçulardan olan Akgünün Leroy Saneni də əsas heyətdən kənarlaşdırdığı qeyd olunur.

Almaniya klubu türkiyəli futbolçunu son iki mövsümdə izləyib. Bildirilir ki, Dortmund rəhbərliyi yanvarda açılacaq qış transfer dövründə “Qalatasaray”la rəsmi danışıqlara başlamağı planlaşdırır.

Məlumata görə, təkliflərdən biri Akgünün transferi üçün birbaşa 25 milyon avro ödənilməsidir. Digər variantda futbolçunun icarəyə götürülməsi və müqaviləyə 35 milyon avroluq məcburi satınalma bəndinin əlavə edilməsi nəzərdə tutulur.

Üçüncü ehtimal oyunçu mübadiləsi və əlavə ödənişlə bağlıdır. Bu təklif çərçivəsində Dortmundun təcrübəli yarımmüdafiəçisi Marsel Zabitzerin Akgünə qarşılıq verilməsi, üstəlik müəyyən məbləğdə pul ödənilməsi gündəmdədir.

“Qalatasaray”ın bu variantlardan hər hansı birinə razılıq verib-verməyəcəyi barədə hələlik rəsmi məlumat açıqlanmayıb.