QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, “Real Madrid” belçikalı qapıçı Tibo Kurtua ilə müqavilənin müddətini artırıb. Klubun mətbuat xidmətinin yaydığı məlumata əsasən, yeni anlaşma 2028-ci il iyunun 30-dək qüvvədə qalacaq.
34 yaşlı Kurtua 2018-ci ilin yayından Madrid təmsilçisinin formasını geyinir. O, klubla üç İspaniya çempionluğu, iki Çempionlar Liqası, UEFA Super Kuboku, üç İspaniya Super Kuboku, Kral Kuboku, Klublararası Dünya Kuboku və Qitələrarası Kubok qazanıb.
Qapıçı karyerasında Belçikanın “Qenk”, İngiltərənin “Çelsi” və İspaniyanın “Atletiko Madrid” klublarında da oynayıb. Kurtua 2022-ci ildə “Lev Yaşin” mükafatına layiq görülüb. Belçika yığmasının heyətində isə 2018-ci il Dünya Kubokunda bürünc medal əldə edib və turnirin ən yaxşı qapıçısı seçilib.