QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, elektroskuterlər və digər kiçik elektrik nəqliyyat vasitələrindən istifadə zamanı dəbilqə taxılmasının məcburi norma kimi tətbiqi təklif olunur.

Məsələ İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyevanın “Azərbaycan” qəzetində yayımlanan məqaləsində əksini tapıb.

Ombudsman Aparatının müstəqil monitorinqi zamanı bu nəqliyyat vasitələrinin insanların, xüsusilə də uşaqların həyat və sağlamlığı üçün yarada biləcəyi risklər, eləcə də müvafiq münasibətlərin tənzimlənməsi araşdırılıb.

Təhlilin yekunlarına əsasən, elektroskuterlər və digər kiçik elektrik nəqliyyat vasitələrinin hüquqi tənzimlənməsinin beynəlxalq təcrübəyə uyğun yenilənməsi, dəbilqə istifadəsinin məcburi qayda kimi müəyyənləşdirilməsi, uşaqların müdafiəsi ilə bağlı valideyn məsuliyyətinin artırılması, həmçinin dövlət qeydiyyatı və identifikasiya mexanizmlərinin qurulması zəruri sayılıb.

Bildirilib ki, təhlil nəticəsində irəli sürülən təkliflər səlahiyyətli dövlət orqanı tərəfindən məqbul qarşılanıb və qurumun normayaratma fəaliyyəti zamanı nəzərə alınacaq.