QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbuldan Qarabağa yola düşüb. O, Azərbaycanın 8 Noyabr – Zəfər Günü münasibətilə təşkil ediləcək tədbirlərdə iştirak edəcək.

Səfərdə prezidentin həyat yoldaşı Əminə Ərdoğan da onunla birlikdədir. Ərdoğanı Atatürk Hava Limanından Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz və İstanbul valisi Davut Gül yola salıblar.

Türkiyə Prezidentini səfər boyunca xarici işlər naziri Hakan Fidan, kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın, Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran, prezidentin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç, AK Parti sədrinin müavini Kürşad Zorlu, eləcə də Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım müşayiət edir.

Ərdoğan Zəfər Günü tədbirləri çərçivəsində keçiriləcək hərbi paradda Azərbaycan Prezidenti İlham Əliyevlə birgə iştirak edəcək. Həmçinin iki lider arasında təkbətək görüş nəzərdə tutulub.

Danışıqlarda Türkiyə ilə Azərbaycan arasında tarixi qardaşlıq əlaqələri, əməkdaşlığın genişləndirilməsi, regional və qlobal məsələlərin nəzərdən keçirilməsi planlaşdırılır.