QafqazNews Manset.az-a istinadən xəbər verir ki, “Fənərbağça” İdman Klubunun prezidenti Əziz Yıldırım Arda Gülərə təbrik məktubu ünvanlayıb. Türkiyə millisinin futbolçusu “Real Madrid”lə müqaviləsinin müddətini 2032-ci ilədək uzadıb. Məktub klubun rəsmi internet səhifəsində yayımlanıb.
Yıldırım müraciətində müqavilənin uzadılması ilə bağlı danışıqların yekunlaşmasını və yeni razılaşmanın 2032-ci ilədək qüvvədə olmasını qürurverici xəbər adlandırıb. O, imzanın futbolçunun futbola bağlılığının, sədaqətinin, zəhmətinin, əzminin və çəkdiyi əziyyətin nəticəsi olduğunu qeyd edib.
Klub rəhbərinin sözlərinə görə, həm özü, həm İdarə Heyətinin üzvləri, həm də “Fənərbağça” Ardanın klubda, eləcə də milli və beynəlxalq arenalarda göstərdiyi oyunçu keyfiyyətlərini və nümunəvi şəxsiyyətini rəğbətlə izləyib, bunu davam etdirəcək.
Yıldırım futbolçunun “Fənərbağça” azarkeşi olmasını və klubun gerbini, formasını daşımış olmasını da xüsusi vurğulayıb. O, yeni müqavilənin xeyirli olmasını diləyərək Ardanın klubunda mübarizəni davam etdirəcəyinə, yeni tarix yazacağına və qələbələrlə hər kəsi sevindirəcəyinə inandığını bildirib.
Məktubda futbolçuya və ailəsinə zədəsiz, sağlam və uğurlu yeni dövr arzulanıb. Yıldırım gələcəkdə Ardanın daha çox nailiyyət qazanmasının şahidi olmağı diləyərək müraciətini “Sevgilərimlə” sözləri ilə tamamlayıb.