QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Səbail rayonunun Badamdar qəsəbəsində torpaq sürüşməsinin yenidən aktivləşməsi səbəbindən sakinlərə ərazini müvəqqəti tərk etmək tövsiyə olunub.

Səbail Rayon İcra Hakimiyyətinin bildirdiyinə görə, son günlər yağan intensiv yağışlardan sonra sürüşmə prosesi güclənib, ərazidə ciddi deformasiyalar və dağıntılar qeydə alınıb. Prosesin daha böyük sahəyə yayılması yaşayış evləri, digər tikililər və sakinlər üçün təhlükə yarada bilər.

İcra hakimiyyəti yaranmış vəziyyətlə bağlı zəruri tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara rəsmi müraciətlər göndərildiyini bildirib. Sakinlərə mövcud risk barədə məlumat verilib və təhlükəsizlik məqsədilə ərazidən müvəqqəti uzaqlaşmaları tövsiyə edilib.

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin məlumatına əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri Badamdar–20-ci sahədə növbəti monitorinq aparıblar. Əvvəlki nəticələrlə müqayisədə sürüşmə sahəsində çatların genişləndiyi və aktivliyin davam etdiyi müəyyən edilib.

Ərazidəki vəziyyətin dəyişməsi izlənilir.