QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, 2027-ci il yanvarın 1-dən kənd təsərrüfatı istehsalçıları üçün yeni vergi güzəştlərinin tətbiqi, hazırda qüvvədə olan bəzi azadolmaların isə uzadılması təklif olunur. Vergi Məcəlləsinə nəzərdə tutulan dəyişikliklər aqrar sahədə vergi yükünün azaldılmasını, kiçik təsərrüfatların dəstəklənməsini və vergi uçotunun elektronlaşdırılmasını hədəfləyir.
Mikrosahibkarların və sadələşdirilmiş vergi ödəyicilərinin kənd təsərrüfatı məhsullarının istehsalından qazandıqları gəlirin tam vergidən azad edilməsi qüvvədə saxlanılacaq.
Kənd təsərrüfatı istehsalçılarının öz məhsullarını satmasından yaranan dövriyyə üzrə ƏDV azadolmasının 2029-cu ilin sonunadək uzadılması nəzərdə tutulur. Aqrar məhsulların ticarətində ƏDV-nin ümumi satış qiymətinə deyil, ticarət əlavəsinə hesablanması qaydasının isə 2031-ci ilin sonunadək davam etdirilməsi təklif edilir.
Həmçinin kənd təsərrüfatı fəaliyyəti ilə əlaqəli əmlak vergisi azadolmasının, heyvan və quş əti, yem və yem əlavələri, eləcə də kəpəyin satışına tətbiq edilən ƏDV güzəştlərinin 2029-cu ilin sonunadək qüvvədə qalması planlaşdırılır. Eyni müddət buğdanın idxalı və satışı, həmçinin buğda unu və çörəyin istehsalı ilə satışına aid azadolmalara da şamil ediləcək. Kənd təsərrüfatı subsidiyalarının gəlir və mənfəət vergisindən azad edilməsi 2031-ci ilin sonunadək uzadılacaq.
EKTİS-də qeydiyyata alınan fermerlərin məhsul satışından əldə etdikləri gəlir vergiyə cəlb edilməyəcək. Qeydiyyatsız şəxslərdən kənd təsərrüfatı məhsulu alan vergi ödəyicisi isə ödəniş zamanı məbləğin 2 faizini vergi kimi tutacaq. Məsələn, 5 min manatlık məhsul alımında tutulacaq vergi 100 manat olacaq. EKTİS-də qeydiyyatda olan istehsalçıdan alış zamanı bu tutulma tətbiq edilməyəcək.
Qeydiyyatlı istehsalçıların məhsullarını bazarda birbaşa fiziki şəxslərə satmasından əldə etdikləri gəlir də vergidən azad ediləcək.
Kökəltmək məqsədilə heyvan idxal edən və EKTİS-də qeydiyyatda olan fermerlər üçün idxal ƏDV-sindən azadolma 2027-ci il yanvarın 1-dən üç il müddətinə tətbiq edilə bilər. Fermerlərin öz yetişdirdikləri heyvan və quşları kəsib satmasından əldə etdikləri gəlirin 90 faizi vergidən çıxılacaq. Mikrosahibkarlar üçün bu gəlirin tam azad edilməsi təklif olunur.
Aqrar istehsalçıların gəlir və mənfəət vergisi üzrə hazırkı 100 faizlik azadolmasının beş il ərzində 90 faizlik güzəştlə əvəzlənməsi də dəyişikliklər sırasındadır. Belə olduqda müvafiq gəlir və mənfəətin 90 faizi vergidən azad ediləcək, mikrosahibkarlar üçün isə tam azadolma qalacaq.
İllik mənfəəti 300 min manat olan aqrar şirkət əvvəlki qaydada 60 min manat ödəmək əvəzinə 6 min manat vergi verəcək. Bu halda faktiki vergi yükü 2 faiz olacaq. Güzəşt broyler, istixana və ferma kompleksləri də daxil olmaqla sənaye üsulu ilə istehsal aparan təsərrüfatlara da aid ediləcək.
İstehsalçının öz məhsulunu çeşidləməsi, qablaşdırması, soyutması, dondurması, kəsməsi və ya qurutması zamanı əldə etdiyi gəlirə 90 faizlik güzəşt nəzərdə tutulur. Bununla 20 faizlik verginin faktiki dərəcəsi 2 faizə düşəcək. Mikrosahibkarlar EKTİS-də qeydiyyat və bəyannamə şərtlərinə əməl etdikdə ilkin emaldan qazandıqları gəliri tam vergidən azad edə biləcəklər. Başqa istehsalçılardan alınmış məhsulların emalı bu güzəştə daxil edilməyəcək.
Gəlir və mənfəət vergisi, habelə sadələşdirilmiş vergi üzrə güzəştlərdən istifadə etmək üçün istehsalçıların EKTİS-də qeydiyyatı tələb olunacaq. Vergi orqanında uçota alınan şəxslər bəyannamələrini İnternet Vergi İdarəsi üzərindən təqdim etməlidirlər. Ailə kəndli təsərrüfatı kimi qeydiyyatda olanlardan VÖEN almaq və bəyannamə vermək tələb edilməyəcək.
Hazırda EKTİS-də 370 mindən artıq subyekt qeydiyyatdan keçib. Subsidiyalardan və digər dövlət dəstəyindən yararlanan fermerlərin əksəriyyəti sistemdə olduğuna görə yenidən qeydiyyata ehtiyac duymur. Təklif olunan dəyişikliklərin 2027-ci il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.