QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, minik avtomobillərinin ölkə daxilində istehsalını təşviq etmək üçün yeni vergi güzəşti təklif olunub. Layihəyə görə, 2027-ci il yanvarın 1-dən sənaye yığımı məqsədilə gətirilən avtomobillər və ehtiyat hissələri altı il müddətində ƏDV ödəməyəcək.
Güzəştin avtomobil istehsalına, yerli bazara və nəqliyyat vasitələrinin qiymətlərinə təsirinin necə olacağı müzakirə mövzusudur. Təklifin yerli istehsal olunan avtomobilləri ucuzlaşdırıb-ucuzlaşdırmayacağı da sual doğurur.
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) sədri Eyyub Əliyev bildirib ki, ölkədəki minik avtomobillərinin təqribən 80 faizinin istismar yaşı 10 ildən artıqdır.
Onun sözlərinə görə, avtomobil idxalı, yerli istehsalın dəstəklənməsi və ekoloji nəqliyyat vasitələrinin təşviqi avtoparkın yenilənməsinə imkan verir. Bu proses yol təhlükəsizliyinin və ekoloji şəraitin yaxşılaşması üçün də əhəmiyyətlidir.
Əliyev avtomobil və nəqliyyat sektorunu inkişaf etdirməyə yönələn təşviqləri müsbət qiymətləndirib. O qeyd edib ki, əvvəl ekoloji təmiz nəqliyyat vasitələri üçün tətbiq edilən güzəştlər avtomobil parkının, xüsusilə taksilərin yenilənməsinə gətirib çıxarıb. Nəticədə taksi parkının təxminən 90 faizi yenilənib.
AADA sədri hesab edir ki, dövlətin bu tip dəstək tədbirləri minik avtomobilləri parkının ümumi yenilənməsinə, həmçinin istehlakçıların yeni avtomobilləri daha əlverişli şərtlərlə və uyğun qiymətə almasına şərait yarada bilər. O, belə təşəbbüslərin müsbət qarşılanmalı olduğunu bildirib.