QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Cəlilabad rayonunun Göytəpə şəhərində 43 yaşlı Nəcməddin keçmiş həyat yoldaşı Reyhana xəsarət yetirib. Cəlilabad Rayon Məhkəməsi onu beş ay müddətinə azadlıqdan məhrum edib.

1983-cü il təvəllüdlü Nəcməddinə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə, yəni qəsdən sağlamlığa zərər vurmaqda ittiham irəli sürülüb. O, məhkəmədə təqsirini qəbul edib.

Nəcməddin ifadəsində Reyhanla 2008-ci ildə evləndiklərini, bu nikahdan 2010-cu ildə Leyla, 2012-ci ildə Hüseyn, 2016-cı ildə isə Ləmanın dünyaya gəldiyini deyib. Onun bildirdiyinə görə, ailə münasibətlərindəki problemlər səbəbindən 2025-ci ilin iyulunda boşanıblar.

Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə günü siqaret almaq üçün evdən çıxıb Göytəpənin mərkəzindəki mağazaya gedib. Geri dönərkən qarşıda Reyhanı görüb, ona yaxınlaşaraq dayanmasını və danışmaq istədiyini söyləyib. Reyhanın “rədd ol, get buradan” deməsindən sonra çantasından tutub onu özünə tərəf çəkdiyini bildirib.

Nəcməddin uşaqları ilə görüşə bilməməsinin səbəbini soruşduğunu və bayramdan əvvəl onları görmək istədiyini deyib. Reyhanın uşaqların görüşmək istəmədiyini söyləməsi ilə mübahisə yarandığını, daha sonra əsəbiləşərək onun sol ayağına sağ ayağı ilə bir dəfə zərbə endirdiyini qeyd edib. Reyhanın büdrədiyini gördükdən sonra hadisə yerindən uzaqlaşdığını, sonradan peşman olduğunu bildirib.

Zərərçəkmiş Reyhan isə ifadəsində Nəcməddinin evliliklərinin ilk dövründən ona qarşı kobud davrandığını və tez-tez mübahisələr yarandığını deyib. Onun sözlərinə görə, ailəsi boşanmalarına razılıq vermədiyi üçün bir müddət bu münasibətə dözüb, lakin Nəcməddinin aqressivliyinin artmasından sonra ayrılmaq qərarına gəliblər. Cəlilabad Rayon Məhkəməsinin qərarı ilə 2025-ci ilin iyulunda boşanıblar.

Reyhan boşandıqdan sonra Göytəpədə ayda 100 manat ödəməklə kirayə ev tutduğunu, hazırda orada uşaqları və anası ilə yaşadığını bildirib. Hadisə günü saat 17 radələrində işdən çıxıb evə gedərkən keçmiş ərinin arxasınca gəldiyini gördüyünü söyləyib.

Zərərçəkmişin ifadəsinə əsasən, Nəcməddin gödəkçəsindən tutaraq onu arxaya çəkib, təhqir edib və sinəsindən itələyib. Reyhan ayrıldıqlarını xatırladanda isə onunla boşansa belə, yaşamağa qoymayacağını deyib. Daha sonra sinə, qol və kürək nahiyələrinə yumruq, sol ayağına isə bir neçə dəfə təpik zərbəsi vurub. Reyhanın büdrədiyini və ətrafda insanların toplandığını görəndən sonra hadisə yerindən qaçıb.