QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Hafiz Məmmədovun oğlu Kənan Məmmədova məxsus iki əmlakın üzərindəki həbsin götürülməsi barədə qərar qəbul edilib. Əmlaklar Baş Prokurorluğun İstintaq İdarəsində araşdırılan cinayət işi çərçivəsində həbsə alınmışdı.
Həbs qərarı “Beynəlxalq Bank” işi üzrə “Baghlan Group FZCO” şirkətinə ayrılan kreditlərlə əlaqədar verilmişdi. 2013-cü ildə şirkətə bankdan 5 milyon dollar kredit ayrılıb. 2017-ci ildə isə 2.049.495,81 dollarlıq qalıq borcun ödənilməsi üçün Məmmədovlar ailəsinin Yasamal rayonundakı iki əmlakı müsadirə edilərək hərracda satılmışdı.
Həbsdən azad edilən əmlaklardan biri 650,5 kvadratmetr sahəsi olan qeyri-yaşayış obyektidir. Digəri isə 0,00988 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 307 kvadratmetr olan ikimərtəbəli qeyri-yaşayış binasıdır. Bu barədə istintaq orqanının vəsatəti təmin edilib.