QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Azərbaycanda neft, neft-kimya və təbii qaz sənayesində keyfiyyət idarəçiliyinə dair yeni dövlət standartı qəbul edilib. AZSTAND-ın təsdiqlədiyi AZS ISO 29001:2026 sənədi beynəlxalq ISO 29001:2020 standartına əsaslanır.

Sənəd bu sahələrdə məhsul və xidmət istehsalı, təchizatı və təqdimatı ilə məşğul olan təşkilatlarda keyfiyyət idarəetmə sistemlərinin yaradılması, tətbiqi və saxlanması üzrə tələbləri əhatə edir. Standart həmin sistemlərin davamlı təkmilləşdirilməsini də nəzərdə tutur.

Yeni tələblərin tətbiqi müəssisələrdə iş proseslərinin yaxşılaşdırılmasına, əməliyyatların səmərəliliyinin yüksəldilməsinə və fəaliyyətin beynəlxalq normalara uyğunlaşdırılmasına yönəlib.

Dövlət standartı AZSTAND yanında fəaliyyət göstərən “Uyğunluğun qiymətləndirilməsi” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 08) təqdimatı ilə qəbul olunub və Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.