QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) yeni rektoru Məleykə Abbaszadə təyinatı ilə bağlı sosial şəbəkədə paylaşım edib. O, Prezident İlham Əliyevə göstərdiyi etimada görə təşəkkürünü bildirib, Dövlət İmtahan Mərkəzindəki (DİM) fəaliyyətindən və universitetdəki gələcək planlarından söz açıb.

Abbaszadə bu təyinatı böyük şərəf adlandırıb və gənclər qarşısında məsuliyyətini daim dərindən hiss etdiyini vurğulayıb. O, bu illər ərzində ona güvənənlərə və bütün vətəndaşlara minnətdarlığını ifadə edib.

Yeni rektor qeyd edib ki, DİM-dəki kollektivindən ayrılarkən qurumda birgə görülən işləri xatırlayıb. Onun sözlərinə görə, sistem addım-addım yaradılıb, bəzən problemlərin həlli üçün səhərə qədər çalışılıb. Abbaszadə həmkarlarına hər kəs üçün açıq, şəffaf və əlçatan sistemi etibar etdiyini bildirib.

O, 1999-cu ildə vətəndaşlara internet üzərindən ilk dəfə məlumat verilməsini xatırladıb. Abbaszadə həmin vaxt bunun həm yenilik, həm də çətinlik olduğunu, sonrakı illərdə də yeni işlərdən çəkinmədiklərini söyləyib. Məqsədin ölkənin istənilən yerində yaşayan insanların imtahan qaydalarını bilməsi, lazımi məlumatı əldə etməsi və nəticələrə etibar etməsi olduğunu qeyd edib.

Abbaszadə həm DİM-də ilk illərdən çalışanlara, həm də sonradan kollektivə qoşulanlara təşəkkür edib. O, yeni həmkarların təklifləri ilə başlayan müzakirələrin birgə işlərə çevrildiyini, təcrübə və həvəsin bir araya gəlməsindən özü də çox şey öyrəndiyini bildirib.

BDU-dakı fəaliyyətinə dair Abbaszadə böyük vədlərlə çıxış etmək istəmədiyini deyib. İlk mərhələdə mövcud vəziyyətin ətraflı öyrənilməsini, kollektivlə açıq və peşəkar dialoq qurulmasını, tələbələrin fikirlərinə diqqət yetirilməsini vacib sayıb. Universitetdə əldə olunmuş nailiyyətlərin qorunaraq inkişaf etdirilməli olduğunu vurğulayıb.

Onun fikrincə, müasir universitet yeni çağırışlara cavab verməli, elmi potensialını artırmalı, akademik dürüstlüyü və tənqidi düşüncəni təşviq etməlidir. Abbaszadə gənclərin yalnız peşəkar fəaliyyətə deyil, ölkənin gələcəyi ilə bağlı müstəqil qərarlar verməyə və məsuliyyət daşımağa hazırlanmasının əhəmiyyətini qeyd edib. O, tələbələrin universitetdə sərbəst sual verməsini, fikirlərini açıq ifadə etməsini və gələcəkləri barədə müstəqil qərar qəbul etməsini təmin etmək üçün çalışacağını bildirib.