QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, “Napoli”də çıxış edən Noa Lanqın klubdakı gələcəyi qeyri-müəyyənləşib. Azarkeşlərlə futbolçu arasında yaranmış gərginlikdən sonra niderlandlı hücumçunun qış transfer dövründə komandadan ayrılması ehtimalı gündəmə gəlib.
“Latsio” ilə matçda fəal oyun göstərən Lanq rəqib müdafiəçilər üçün ciddi problem yaradıb. O, Pedrozanın avtoqolu ilə “Napoli”nin hesabı bərabərləşdirdiyi epizodda da iştirak edib.
Qolun ardından komanda yoldaşları sevinərkən Lanq yenidən “Curva A” sektoruna tərəf dönüb və əlini qulağına aparıb. Bu hərəkət tribunadakı azarkeşlərlə münasibətlərin təkrar gərginləşməsinə yol açıb.
Oyunun son fitindən sonra stadionu tərk edən ilk futbolçular sırasında olan Lanq tribunadan təhqiramiz şüarlar eşidib.
Azarkeşlərlə münasibətlərin pisləşməsinin onun “Napoli”dəki mövqeyinə təsir göstərə biləcəyi bildirilir. Bu səbəbdən klubun yanvar ayında mümkün transfer təkliflərini dəyərləndirməyə hazır olduğu qeyd olunur.
Lanqla “Ayaks”, “Qalatasaray”, “Atalanta” və “Cenoa”nın maraqlandığı bildirilir. Belə olan halda, İstanbul klubunun sabiq futbolçusunu yenidən heyətinə cəlb etməsi ehtimalı da müzakirə olunur.
İddialara əsasən, “Napoli” futbolçunun satışından 15–20 milyon avro qazanmağı planlaşdırır. İtaliya təmsilçisi Lanqı 2025-ci ilin yayında 25 milyon avro və bonuslar müqabilində transfer edib.