QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Həsən bəy Zərdabi prospektindəki “Qələbə” dairəsi ətrafında pik saatlarda yaranan nəqliyyat sıxlığı aradan qaldırılıb.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) açıqlamasına görə, Yasamal rayonunda Əbdülvahab Salamzadə küçəsindən və “20 Yanvar” metro stansiyası istiqamətindən dairəyə, oradan da Mətbuat prospektinə gedən avtomobillər nizamlanmayan piyada keçidinə görə sıxlıqda qalırdı.
Vəziyyətin qiymətləndirilməsi üçün NİİM əməkdaşları müşahidə kameralarından istifadə edib, əraziyə baxış keçirib və simulyasiya proqramı vasitəsilə piyada və nəqliyyat axınının intensivliyini təhlil ediblər.
Təhlildən sonra piyada keçidində hərəkətin işıqforlarla tənzimlənməsi məqsədilə “L” və “A” tipli, piyadalar və nəqliyyat vasitələri üçün bölmələri olan üç işıqfor quraşdırılaraq istifadəyə verilib.
Görülən tədbirlər nəticəsində dairədən Mətbuat prospektinə doğru hərəkətdə pik saatlardakı sıxlıq aradan qalxıb. Həmçinin piyadaların və nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti təmin edilib.