QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Sabirabadın Cavad kəndində 15 yaşlı qızın 17 yaşlı oğlan tərəfindən qaçırıldığı iddiası ilə bağlı yeni məlumatlar açıqlanıb.
Oğlanın nənəsi Sahibə Əkbərova bildirib ki, srağagün gecə saat 2 radələrində nəvəsi evdə, öz otağında uzanaraq telefonla danışıb. Sonra başqa otağa keçib və canlı yayım açacağını deyib.
Əkbərovanın sözlərinə görə, bir qədər sonra oğlu gəlininə zəng edərək övladlarının qız qaçırdığını söyləyib. Nəvəsi isə qızı qaçırmadığını bildirərək bu ittihamı qəbul etməyib.
Nənə deyib ki, nəvəsi hadisəyə aidiyyəti olmadığını qarşı tərəfə izah etmək üçün onlarla danışmağa gedəcəyini söyləyib. Həmin vaxtdan onun olduğu yer məlum deyil.
Qeyd edək ki, 2011-ci il təvəllüdlü qızın 2009-cu il təvəllüdlü oğlan tərəfindən evlənmək məqsədilə qaçırıldığı iddia olunur. Qızın atası bununla bağlı polisə müraciət edib.
Hər iki yeniyetmənin tapılması üçün axtarış tədbirləri görülür. Faktla bağlı araşdırma aparılır.