QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, noyabrın 16-da Binəqədi rayonunun Həmzə Babaşov küçəsindəki evdə 23 yaşlı Gülarə Mehdiyevanın qətlə yetirilməsi ilə bağlı atası Ağa Mehdiyev açıqlama verib. O, cinayətdə şübhəli bilinən oğlu Ayxan Mehdiyevin səhhətindən və ailənin yaşadığı ağır itkidən danışıb.
Ağa Mehdiyevin sözlərinə görə, 2008-ci il təvəllüdlü Ayxanın psixoloji problemləri olub və müxtəlif dövrlərdə müalicə alıb. Atası bildirib ki, son aylarda oğlunun vəziyyəti pisləşib.
“Digər 16 yaşlı oğlum onkoloji xəstədir və Türkiyədə müalicə olunur. Hər ayın çox hissəsində onun yanında, Ankarada oluram. İndiyədək doqquz kimyaterapiya kursu keçib. Həmin vaxt Ayxanın xəstəliyi də kəskinləşdi. İki ay idi gecələr yata bilmirdi. 2022-ci ildə müalicə alandan sonra xeyli yaxşılaşmışdı, 2025-ci ildə yenidən müalicə olunmuşdu. Montindəki Psixi Sağlamlıq Mərkəzində professor Nadir İsmayılovun, daha sonra isə Samirə adlı həkimin qəbulunda olmuşdu. Son aylarda onunla yaxından maraqlana bilmədiyimə görə özümü qınayıram. Anası yuxu dərmanı qəbul etdiyini və yaxşılaşdığını deyirdi. Digər övladımın xərçəng xəstəliyi ilə mübarizəsinə görə Ayxana lazımi diqqəti göstərə bilməmişik”, – deyə Ağa Mehdiyev bildirib.
Ata hadisədən sonra həbs edilən oğlunu istintaq müddətində gördüyünü, Ayxanın hələ də özündə olmadığını söyləyib. Görüşün sonunda ayağa qalxanda oğlu “Mən də gəlirəm?” deyə soruşub. Ağa Mehdiyev Ayxandan kimin yanına gəlməsini istədiyini soruşduğunu, lakin onun susduğunu qeyd edib.
Ağa Mehdiyev həkimə zəng etdiyini, lakin həkimin məzuniyyətdə olduğunu və bundan sonra oğlunu müayinəyə aparmadığını deyib. Onun sözlərinə görə, anası Ayxana yuxu dərmanları verib, vəziyyəti əvvəlcə bir qədər düzəlsə də, sonra yenidən ağırlaşıb. Ata bildirib ki, Ayxan əvvəllər yaxşı oxuyub və öz bacarığı ilə İdman Akademiyasına qəbul olaraq ikinci kursda təhsil alırdı.
Ağa Mehdiyev övladları arasında ayrı-seçkilik edilmədiyini və bacı-qardaşın münasibətlərinin yaxşı olduğunu vurğulayıb. Ayxan xəstəxanada olarkən Gülarə ilə birlikdə onu gül-çiçəklə qarşılamağa getdiklərini deyən ata, sosial şəbəkələrdə ailə barədə məlumatsız fikirlər yazılmasından narazılığını bildirib. Evdə qızının yarımçıq rəsmlərinin qaldığını söyləyən Mehdiyev hadisəni ailəsi üçün böyük zərbə adlandırıb.