QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Abşeron rayonunun Saray qəsəbəsində 36 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.

İş materiallarında göstərilir ki, 1990-cı il təvəllüdlü Səməd (ad şərtidir) fərdi yaşayış evinin həyətində həyat yoldaşı Süsənlə (ad şərtidir) mübahisə edib. Mübahisənin qadının ərindən borc verdiyi pulu istəməsi səbəbindən yarandığı bildirilir.

İstintaqın məlumatına əsasən, Səməd mübahisə zamanı qadının bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə yumruqla zərbə vurub. Ardınca bıçaqla onun qarın və sol sağrı nahiyələrinə bir dəfə xəsarət yetirib.

Səmədə Cinayət Məcəlləsinin qəsdən sağlamlığa zərər vurmanı nəzərdə tutan 128-ci maddəsi ilə ittiham verilib. O, məhkəmədə təqsirini qəbul edərək Süsənlə barışdığını, zərərçəkmişin ona qarşı şikayət və tələbinin olmadığını deyib. Süsən də ifadəsində bu sözləri təsdiqləyib.

Abşeron Rayon Məhkəməsi Cinayət Məcəlləsinin 73.2-ci maddəsini tətbiq edərək Səmədi cinayət məsuliyyətindən azad edib və onun barəsində cinayət təqibinə xitam verib.