QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev sertifikasiya nəticələri əsasında işini itirən müəllimlərin əksəriyyətinin ibtidai siniflərdə dərs dediyini açıqlayıb.

Nazir bu barədə Peşə Təhsili Forumu çərçivəsində təşkil olunan “Dəyişən iqtisadiyyat, dəyişən bacarıqlar: Gələcəyin insan kapitalının yetişdirilməsi” adlı paneldə danışıb.

Əmrullayev qeyd edib ki, bu yanaşma müəllimlərin nüfuzuna xələl gətirmək və ya onların peşə bacarıqlarını kiçiltmək məqsədi daşımır. Onun sözlərinə görə, ibtidai təhsil pilləsində çalışan müəllimlərin xeyli hissəsi orta ixtisas təhsillidir və bu vəziyyət ölkədə uzun müddət mövcud olmuş müəllim çatışmazlığı səbəbindən yaranıb.

Nazir bildirib ki, hazırda ölkədə tam ali təhsilli müəllim modelinə keçilib. İbtidai və məktəbəqədər təhsil səviyyələrində dərslərin ali təhsilli pedaqoqlar tərəfindən aparılması nəzərdə tutulur. Əmrullayev bu dəyişikliyin uzunmüddətli perspektivdə müsbət nəticə verəcəyinə inandığını deyib.