QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, soyuq hava avtomobilin normal iş temperaturuna çatması üçün daha çox enerji sərf etməsinə səbəb olur. Qışda bu, yanacaq sərfiyyatının artması, mühərrikin gec isinməsi və akkumulyatorun gücünün azalması ilə müşayiət olunur.
Nəqliyyat eksperti Raqif Raufoğlu bildirib ki, aşağı temperatur avtomobilin daha çox gücə ehtiyac duymasına gətirir. Onun sözlərinə görə, mühərrik və batareyalar səmərəli işləmək üçün müəyyən temperatur səviyyəsinə çatmalıdır.
Ekspert qeyd edib ki, mühərrikin iş temperaturu bir çox avtomobildə 90 dərəcə, bəzilərində isə 100 dərəcə olur. Avtomobil soyuqda işə salındıqdan sonra bu həddə çatana qədər əlavə yanacaq sərf edir. Həmin vaxt mühərrik zəngin yanacaq qarışığı ilə işləyir, sistem isə isinməni sürətləndirmək üçün daha çox yanacaq ötürür.
Raufoğlunun sözlərinə görə, avtomobil bir saatlıq fasilədən sonra yenidən işə salınarsa, soyuq havada mühərrik temperaturu sıfıra enə bilər. Mühərrikin tələb olunan istilik səviyyəsinə çatması üçün bu halda yanacaq sərfiyyatı artır. İsti havalarda isə mühərrik fasilə müddətində daha az soyuduğundan yenidən işə düşərkən əlavə yanacağa ehtiyac azalır.
Ekspert əlavə edib ki, temperatur sensoru ətraf mühitlə bağlı məlumatı avtomobilin idarəetmə blokuna ötürür. Sistem bu göstəricilər əsasında hava-yanacaq qarışığını tənzimləyir. Soyuq havada daha çox yanacaq verilməsi mühərrikin güc tələbatını və ümumi sərfiyyatı yüksəldir. Dizel mühərriklərinin isə benzin mühərrikləri ilə müqayisədə daha gec qızdığı bildirilib.