QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Abşeron Rayon Mərkəzi Xəstəxanasının Ümumi cərrahiyyə şöbəsində iş intizamı və tibbi geyim qaydalarına əməl olunması ilə bağlı şikayət araşdırılıb.
Sosial şəbəkədə müraciət paylaşan vətəndaş xəstəxana rəhbərliyinin və aidiyyəti struktur bölmələrinin fəaliyyətinin yoxlanılmasını istəyib. O, şöbədə Oruc adlı ümumi cərrahı iş vaxtı mülki geyimdə gördüyünü bildirərək, intizam, sanitariya-gigiyena və infeksion təhlükəsizlik qaydalarına əməl olunması barədə suallar qaldırıb.
Vətəndaşın sözlərinə görə, həkim ona yaxınlaşıb, baş həkimin yanında gördüyü həkim olduğunu və qazi statusu daşıdığını deyib. Müraciətdə, həmçinin, şöbə əməkdaşlarının iş intizamına və tibbi geyim qaydalarına nəzarət edilmədiyi iddia olunub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, daxil olan müraciətə müvafiq qaydada baxılıb. Araşdırma zamanı Oruc Şəfiyevlə qarşılaşmanın onun işə yeni gəldiyi, tibbi geyimini dəyişməmiş olduğu vaxt baş verdiyi müəyyənləşdirilib. Buna görə də vəziyyəti əmək intizamı və geyim tələblərinin pozulması kimi qiymətləndirmək üçün əsas aşkarlanmayıb.
TƏBİB-in məlumatına əsasən, həkimin müayinə və əməliyyatlar da daxil olmaqla iş fəaliyyəti zamanı tibbi geyimdən istifadə etdiyi təsdiqlənib. Şikayətdə qaldırılan digər məsələlər üzrə də yoxlama aparılıb, əmək intizamı, sanitariya-gigiyena və infeksion təhlükəsizlik tələblərinin pozulması müəyyən edilməyib.
Bununla belə, tibbi geyim qaydalarına nəzarətin gücləndirilməsi üçün xəstəxana rəhbərliyinə müvafiq tövsiyələr verilib.