QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Xəzər dənizinin sahilboyu ərazilərində ictimai istifadə üçün ayrılacaq zonalar qiymətləndirmə və zonalaşdırma işləri yekunlaşdıqdan sonra müəyyənləşdiriləcək. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Hüseyn Əliyev sahilyanı ərazilərdə dövlət idarəçiliyinin yaxşılaşdırılması üzrə tədbirlərə həsr olunan brifinqdə danışıb.
Əliyev bildirib ki, ərazilərdən istifadə ilə bağlı qərarlarda insanların təhlükəsizliyi, infrastrukturun durumu, ekoloji tələblər və xidmətlərin səviyyəsi nəzərə alınacaq. Onun sözlərinə görə, zonalaşdırma tamamlanıb müvafiq ərazilər təsdiqləndikdən sonra vətəndaşlar zonalar barədə açıq məlumat əldə edə biləcəklər.
Rəis müavini sahilyanı ərazilərin səmərəli istifadəsi ilə yanaşı, infrastrukturun düzgün qurulmasının da əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, şəhərsalma prinsipləri, ictimai məkanların təşkili və xidmətlərin keyfiyyəti əsas götürüləcək.
Hüseyn Əliyev həmin ərazilərin ictimaiyyət üçün rahat, təmiz və keyfiyyətli olmasına, sahibkarların təqdim etdiyi xidmətlərin isə lazımi səviyyədə təşkilinə çalışılacağını bildirib.