QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, paytaxtın Yasamal rayonunda dünən ictimai nəqliyyat vasitəsində xuliqanlıq hadisəsi qeydə alınıb.
65 saylı müntəzəm marşrut üzrə işləyən, 99-JP-013 dövlət nömrə nişanlı avtobusda bir sərnişin nəqliyyat vasitəsinin dayanacaqdan kənarda saxlanmasını istəyib. Hadisə anını əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.
Kadrlardan görünür ki, tələbi yerinə yetirilməyən sərnişin əvvəlcə avtobusun salonundakı AYNA-ya məxsus elektron ödəniş qurğusunu zədələyib. Daha sonra ön qapının şüşəsini təpiklə sındıraraq ərazidən uzaqlaşıb.
Məlumata görə, polis əməli törədən şəxsin kimliyini müəyyən edib və onun saxlanılması üçün tədbirlər görür.