QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, 2027-ci ilin dövlət büdcəsi layihəsində müdafiə və milli təhlükəsizlik sahələrinə ayrılan vəsaitin artırılması nəzərdə tutulur. Gələn il bu istiqamətlərə ümumilikdə 8 milyard 816,4 milyon manat yönəldilməsi planlaşdırılıb. Məbləğ dövlət büdcəsinin ümumi xərclərinin təxminən 20,8 faizinə bərabərdir.

Proqnozlaşdırılan xərclər 2026-cı ilin göstəricisindən 1,1 faiz, 2025-ci ilin faktiki icrasından isə 9,3 faiz çoxdur. Layihədə müdafiə potensialının artırılmasına yönələn xüsusi layihələr üçün 4 milyard manat, müdafiə qüvvələrinin saxlanmasına təqribən 3,37 milyard manat ayrılması göstərilib. Sərhəd xidmətinə 553,9 milyon, milli təhlükəsizlik tədbirlərinə isə 479,2 milyon manat nəzərdə tutulub.

Hərbi qulluqçuların sosial təminatı üzrə mənzil təminatına 15 milyon manat, kirayə kompensasiyalarına 14,7 milyon manat ayrılması planlaşdırılır.

Milli Məclisin deputatı Səbinə Salmanova bildirib ki, 2027-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı müdafiə və təhlükəsizlik sahəsinə 2026-cı illə müqayisədə 100 milyon manata yaxın əlavə vəsait ayrıldığını qeyd edib.

Salmanovanın fikrincə, artımı yalnız büdcə göstəricisi kimi qiymətləndirmək düzgün olmaz. O, qərarın Azərbaycanın mürəkkəb geosiyasi mövqeyi, regiondakı hərbi-siyasi proseslər və qarşıdakı təhlükəsizlik riskləri nəzərə alınaraq dəyərləndirilməli olduğunu deyib.

Deputatın sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdəki qarşıdurmalar, İran ətrafındakı gərginlik və dövlətlərarası rəqabətin güclənməsi beynəlxalq təhlükəsizlik mühitinə ciddi təsir göstərir. Azərbaycanın enerji və nəqliyyat-kommunikasiya dəhlizlərinin qovşağında yerləşməsi təhlükəsizlik siyasətinin daim diqqətdə saxlanmasını zəruri edir. Salmanova bu şəraitdə müdafiə və təhlükəsizlik xərclərinin artırılmasını əsaslandırılmış qərar hesab edib.