QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, ödəniş terminallarında 500 manatı aşan əməliyyatlar zamanı şəxsiyyəti təsdiqləmək tələbi tətbiq oluna bilər. Bu dəyişiklik xüsusilə bank hesabı, kartı və ya smartfonu olmayan şəxslər üçün gündəlik ödənişləri çətinləşdirə bilər.

Bank-maliyyə eksperti Asif İbrahimov bildirib ki, yeniliyin məqsədi maliyyə əməliyyatlarının şəffaflığını və təhlükəsizliyini gücləndirməkdir. Onun sözlərinə görə, bu mexanizm anonim pul dövriyyəsini azaltmağa, şübhəli əməliyyatları izləməyə, çirkli pulların yuyulması və qanunsuz köçürmələrlə mübarizə aparmağa xidmət edə bilər. Dələduzluq və başqa maliyyə cinayətlərinin qarşısının alınmasına da kömək göstərə bilər.

İbrahimovun qeyd etdiyi kimi, Azərbaycanda bir çox insan kommunal xidmətlər, mobil rabitə, internet və digər gündəlik xərclərini nağd şəkildə terminallardan ödəyir. Bank hesabı və ya kartı olmayan, mobil bankçılıqdan yararlanmayan vətəndaşlar üçün bu qurğular mühüm ödəniş vasitəsidir. Buna görə qayda tətbiq edilərkən həmin şəxslərin ehtiyaclarının nəzərə alınması vacibdir.

Ekspertin sözlərinə görə, “MilliÖn” terminallarında 500 manatdan yuxarı əməliyyatların şəxsiyyət üzrə rəqəmsal təsdiqi “Bir ID”, “SİMA” və “MyGov” platformaları vasitəsilə aparılacaq. Smartfonu, internetə çıxışı olmayan və ya qeyd olunan tətbiqlərdən yararlana bilməyən şəxslər isə ödəniş zamanı maneələrlə üzləşə bilərlər. İbrahimov bildirib ki, “MilliÖn” hazırda smartfonu olmayanlar üçün başqa identifikasiya variantı müəyyən etməyib.

Asif İbrahimov 500 manatlıq həddin hansı səbəblərlə seçildiyinin də izah edilməli olduğunu deyib. Onun fikrincə, limit müəyyənləşdirilərkən orta gəlirlər, nağd ödənişlərin quruluşu, əməliyyatların miqyası və maliyyə cinayətləri ilə bağlı risklər əsas götürülməlidir. Maliyyə monitorinqinin nəticələrinə və əməliyyatların risk səviyyəsinə uyğun olaraq həddə sonradan yenidən baxıla bilər, lakin bunun aydın meyarları olmalıdır. Əks halda, dəyişikliklər vətəndaşlar üçün qeyri-müəyyənlik yarada bilər.

Ekspert şəxsi məlumatların mühafizəsini də əsas məsələlərdən biri kimi göstərib. O bildirib ki, şəxsiyyət məlumatlarının hansı sistemdə işlənməsi, hansı qurumların həmin məlumatlara çıxışının olması, onların nə qədər saxlanması və üçüncü tərəflərə verilib-verilməməsi açıqlanmalıdır. Şəxsiyyət məlumatları və maliyyə əməliyyatları ilə bağlı bilgilər kibertəhlükəsizlik baxımından həssasdır.

İbrahimov hesab edir ki, yeni mexanizm maliyyə xidmətlərindən istifadə imkanlarını məhdudlaşdırmamalıdır. Smartfonu olmayan və rəqəmsal identifikasiyadan yararlana bilməyənlər üçün alternativ təsdiq üsulunun hazırlanması vacibdir.

Ekspertin fikrincə, yeniliyin nəticəsi yalnız şəxsiyyət təsdiqinin tətbiqi ilə qiymətləndirilməməlidir: maliyyə əməliyyatlarının şəffaflığı artırılmalı, gündəlik ödənişlər çətinləşməməli, şəxsi məlumatların təhlükəsizliyi qorunmalıdır.