QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, tibb elmləri doktoru, professor Adil Qeybulla hovuzlarda xlorun normadan artıq istifadəsinin sağlamlığa təsirlərindən və suyun mütəmadi yoxlanılmasının vacibliyindən danışıb.
Onun sözlərinə görə, ictimai hovuzlarla yanaşı, fərdi evlərdəki üzgüçülük hovuzları da vaxtaşırı yoxlanmalıdır. Yoxlamalarda koli-titr və koli-indeks göstəriciləri araşdırılır. Bu göstəricilər suda bağırsaq çöplərinin olub-olmadığını müəyyən etməyə imkan verir və nəticələr əsasında suyun istifadəyə yararlılığı qiymətləndirilir.
Professor bildirib ki, suyun təmizlənməsi və gigiyena normalarına uyğun saxlanması üçün xlorlama tətbiq edilir. Bununla belə, xlorun toksiki və allergik təsirləri ola bilər; norma aşılarsa, həmin təsirlər daha aydın görünür. Xlor istifadə edilmədikdə isə hovuza sidik, bəlğəm və öskürək zamanı yayılan ifrazatlar vasitəsilə mikroorqanizmlər düşə, nəticədə istifadəçilər arasında infeksiya riski yarana bilər.
Qeybulla xlorlamanın vacibliyini vurğulayaraq, onun mümkün əks-təsirlərindən yaranan təhlükənin infeksiyaya yoluxma ehtimalından xeyli aşağı olduğunu qeyd edib. Professorun fikrincə, hələlik xlorlama alternativsiz üsul olaraq qalır və xüsusilə gün ərzində yüzlərlə insanın istifadə etdiyi ictimai hovuzlar üçün əhəmiyyətlidir. Bu üsul dünyanın müxtəlif yerlərində sanitariya-gigiyena tələbi kimi tətbiq olunur.
O əlavə edib ki, hovuzun suyu vaxtında dəyişdirilməli, əlavə edilən xlorun miqdarı isə suyun həcminə uyğun olmalıdır. Xlorun normadan artıq qatılması və suyun uzun müddət dəyişdirilməməsi yolverilməzdir. Qeybulla bunları sanitar-gigiyenik tələblərin ciddi pozuntusu adlandırıb və müvafiq qurumların hovuzları mütəmadi yoxlamalı olduğunu bildirib.