QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Azərbaycanda satışda olan bəzi duzlarda qum, torpaq və başqa yad hissəciklərin olduğu barədə iddialar istehlakçılarda narahatlıq yaradıb. Vətəndaşlar belə halları göstərən görüntüləri sosial şəbəkələrdə paylaşır və məhsulların keyfiyyətini, qida təhlükəsizliyini müzakirə edirlər.

Qida təhlükəsizliyi üzrə konsaltinq xidmətləri göstərən “Refresh Group” MMC-nin baş icraçı direktoru Seymur Qafarov bildirib ki, istifadə olunan duzlar xüsusiyyətlərinə, istehsal və ya idxal olunduqları ölkəyə, eləcə də orqanoleptik göstəricilərinə görə fərqlənir. Ən geniş yayılmış növlərdən biri ağ rəngli, kristal quruluşlu xörək duzudur.

Ekspertin sözlərinə görə, Azərbaycanda Naxçıvan Muxtar Respublikasında istehsal edilən duzla yanaşı, Hindistan və Pakistandan gətirilən, Himalay duzu kimi tanınan çəhrayı məhsuldan da istifadə olunur. O, duz seçərkən qablaşdırmanın üzərindəki məlumatları diqqətlə oxumağın vacibliyini vurğulayıb.

Qafarov qeyd edib ki, duzda qum dənələri və ya ona xas olmayan fiziki qatışıqlar aşkarlandıqda məhsulu ələmək, yaxud xüsusi vasitələrlə termik emaldan keçirmək olar. Bu üsullar istifadədən əvvəl yad hissəcikləri kənarlaşdırmağa kömək edir. Duz yığılarkən onu tam təmizləmək hər zaman mümkün olmadığından belə çirklənməyə daha çox xörək duzunda rast gəlinir.

Ekspert süfrə duzunu xörək duzundan fərqləndirməyin lazım olduğunu bildirib. Daha narın olan süfrə duzu əvvəlcədən xüsusi qaydada təmizlənib qablaşdırılır və birbaşa süfrədə istifadə üçün nəzərdə tutulur. Xörək duzu isə yemək hazırlamaqda işlədilir.

Qablaşdırma açıldıqdan sonra duzda nəmlik, rəng dəyişikliyi və ya başqa şübhəli orqanoleptik əlamətlər görünərsə, məhsulu qabı ilə birlikdə alındığı pərakəndə satış müəssisəsinə qaytarmaq mümkündür. Qafarovun sözlərinə görə, bu məsələ “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 15-ci maddəsi ilə tənzimlənir.