QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Azərbaycanda ambulator şəraitdə istifadə olunan dərmanların icbari tibbi sığorta hesabına verilməsinə gələn ilin aprelindən başlanması nəzərdə tutulur. Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev bu barədə “Dövlət biznes əməkdaşlıq forumu” çərçivəsində keçirilən paneldə danışıb.

Rzayevin sözlərinə görə, hazırda sığorta çərçivəsində dövlət hesabına dərman preparatları və tibbi sərfiyyat materialları yalnız stasionar müalicə zamanı təmin olunur. Ambulator xəstələrə reseptlə yazılan dərmanları isə vətəndaşlar öz pulları ilə alırlar.

Agentlik rəhbəri bildirib ki, yeni mexanizmin tətbiqi üçün funksional, qanunvericilik və normativ işlər hazırlanıb, müvafiq layihələr təsdiqə təqdim edilib. Sənədlərin yaxın günlərdə təsdiqlənəcəyi gözlənilir.

İlkin mərhələdə arterial hipertenziyanın, başqa sözlə, yüksək qan təzyiqinin müalicəsində istifadə edilən və müalicəni dəstəkləyən 26 adda dərmanın xidmətlər zərfinə daxil edilməsi planlaşdırılır.

Rzayev qeyd edib ki, dərmanların verilməsində özəl şirkətlər və apteklər də iştirak edəcək. Onların agentliyin sisteminə qoşulması, elektron reseptlə təyin olunan preparatların təminatında rol oynayacaq. Rəqəmsal sistemlərə inteqrasiya ilə bağlı texniki tapşırıqlar hazırlanaraq Səhiyyə Nazirliyinə və aidiyyəti qurumlara göndərilir.