QafqazNews Manset.az-a istinadən xəbər verir ki, bu gün Heydər Əliyev Mərkəzində ali məktəb tələbələri arasında “Heydər Əliyev və Azərbaycan tarixi” adlı X ümumrespublika bilik yarışı keçirilib.

Mərkəzin təşkil etdiyi, Elm və Təhsil Nazirliyinin dəstəklədiyi yarışın məqsədi Azərbaycan tarixini və Ümummilli Lider Heydər Əliyevin irsini araşdırmaq, öyrənmək və təbliğ etməkdir.

Bu il yarışda ölkənin 50 ali təhsil müəssisəsini təmsil edən komandalar mübarizə aparıb. Qarabağ Universiteti və Türkiyə-Azərbaycan Universitetinin komandaları layihəyə ilk dəfə qatılıblar.

Hər suala cavab vermək və müzakirə etmək üçün iştirakçılara 60 saniyə vaxt verilib. Cavabları Heydər Əliyev Mərkəzinin, Təhsilin İnkişafı Fondunun və AMEA-nın Tarix və Etnologiya İnstitutunun nümayəndələrinin yer aldığı münsiflər heyəti qiymətləndirib.

Yekun nəticələrə görə, birinci yeri Daxili İşlər Nazirliyinin Polis Akademiyasının komandası qazanıb. Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası ikinci, Bakı Dövlət Universiteti isə üçüncü olub.

Qaliblərə sertifikatları mükafatlandırma mərasimində Alyona Əliyeva və elm və təhsil nazirinin müavini Firudin Qurbanov təqdim ediblər.

Polis Akademiyasının qalib komandasının üzvü, IV kurs kursantı Ramazan Əliyev yarışa ciddi hazırlaşdıqlarını bildirib. Onun sözlərinə görə, ilk turda rəqabət bərabər keçib, ikinci turda isə komanda üstünlüyünü göstərə bilib. Sualların çətinlik səviyyələrinin fərqli olduğunu deyən Əliyev komandasının onların öhdəsindən gəldiyini vurğulayıb və Polis Akademiyasını təmsil etməklə fəxr etdiyini qeyd edib.

Yarışda ilk dəfə iştirak edən Qarabağ Universitetinin tarix ixtisası üzrə III kurs tələbəsi Emil Quliyev universitetini layihədə təmsil etməyin qürurverici olduğunu deyib. O, bəzi sualların çətinlik yaratmasına baxmayaraq, yaxşı nəticə göstərməyə çalışdıqlarını bildirib.

2014-cü ildən keçirilən layihə gənclərin Azərbaycan tarixi və Heydər Əliyevin həyat və fəaliyyəti barədə biliklərini artırmağa, vətənpərvərlik ruhunu və sağlam rəqabət ənənələrini möhkəmləndirməyə yönəlib.