QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Azərbaycanda istehlakçı müraciətlərinin sayı 2026-cı ilin yanvar-oktyabr aylarında ötən ilin eyni dövrünə nisbətən 31 faiz yüksələrək 9 260 olub.
Bu barədə “İstehlakçıların əsas hüquqları və onların müdafiəsi” mövzusunda keçirilən media təlimində Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı məlumat verib.
Agentliyin statistikasına əsasən, 2025-ci ilin ilk 10 ayında quruma 7 053 müraciət daxil olub. Bunların 6 390-ı yeni müraciət, 663-ü isə əvvəlki ildən qalan müraciətlər olub. Həmin müddətdə müraciətlər üzrə 301 792,1 manat geri ödənilib, 2 105 müraciət təmin edilib.
2025-ci ilin müvafiq dövründə Agentlikdə araşdırılması başa çatan müraciətlərin sayı 5 032 olub. 1 560 müraciət aidiyyəti qurumlara yönləndirilib, 461 müraciətin icrası növbəti aylarda davam etdirilib. Bundan başqa, 51 protokol tərtib olunub.
Tapdıqlı bildirib ki, 2026-cı ilin ilk 10 ayında qeydə alınan 9 260 müraciətin 8 766-sı yeni, 494-ü isə əvvəlki ildən qalan müraciətlərdir. İstehlakçılara bu müddətdə 314 997,5 manat qaytarılıb, təmin edilən müraciətlərin sayı 2 399-a yüksəlib.
Hesabat dövründə Agentlikdə baxılması tamamlanan müraciətlərin sayı 6 080, aidiyyəti orqanlara göndərilənlərin sayı 2 312 olub. İcrası sonrakı aylarda davam etdiriləcək müraciətlərin sayı 868, tərtib olunan protokolların sayı isə 41 təşkil edib.