QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə “Məşğulluq həftəsi” çərçivəsində ölkədə ilk Dövlət-Biznes Əməkdaşlığı Forumu keçirilib. Agentlik Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir.

“Gülüstan” sarayında “İmkanlar və inam” şüarı altında baş tutan tədbirin açılışına hökumət rəsmiləri, sosial tərəfdaşlar, özəl sektorun və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri qatılıblar.

Forumun məqsədi əmək və məşğulluq məsələlərində dövlət qurumları ilə biznes arasında birbaşa ünsiyyəti genişləndirmək, etimadı möhkəmləndirmək və yeni tərəfdaşlıq yolları yaratmaq olub. Həmçinin biznes nümayəndələrinin dövlət dəstəyi, güzəştlər və təşviq vasitələri barədə məlumatlandırılması, əmək bazarının aktual problemlərinin müzakirəsi və birgə həllərin müəyyənləşdirilməsi nəzərdə tutulub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan sosial islahatların tərkib hissəsi kimi dövlət məşğulluq siyasətinin də əmək bazarının müasir ehtiyaclarına uyğun yeniləndiyini bildirib. O, əhalinin işlə təmin olunmasında işəgötürənlərin rolunu vurğulayıb və nazirliyin onlarla münasibətlərini xidmət yanaşması əsasında quraraq əməkdaşlığı gücləndirdiyini deyib.

Nazir işəgötürənlərlə birgə həyata keçirilən aktiv məşğulluq proqramlarından danışaraq son illərdə işlə təmin olunanların illik sayının 3,4 dəfə yüksəldiyini qeyd edib. Özünüməşğulluq proqramına qoşulanların sayı 5,7 dəfə, peşə hazırlığına cəlb edilənlər 4,1 dəfə, kvota çərçivəsində işlə təmin olunanlar 2,6 dəfə, əməkhaqqının birgə maliyyələşdirilməsi proqramına qatılanlar isə 3,5 dəfə artıb.

Anar Əliyevin sözlərinə görə, qeyri-formal məşğulluğun azaldılması istiqamətində görülən işlər nəticəsində özəl sektorda əmək müqavilələrinin sayı bu ilin ilk 10 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 59 min çox olub. O, əmək qanunvericiliyinə nəzarətdə sosial dialoqun inkişafına və biznesə metodiki dəstəyə üstünlük verildiyini, qanunvericiliyə edilən son dəyişikliklərin də bu yanaşmanı əks etdirdiyini bildirib.

Nazir “Əmək və Məşğulluq” altsisteminin, “DOST müfəttiş” və “Nümunəvi müəssisə” layihələrinin işəgötürənlər üçün əhəmiyyətinə toxunub. Əmək qanunvericiliyinin bazarın tələblərinə uyğunlaşdırılması və işçilərin hüquqlarının daha səmərəli qorunması üçün görülən işləri xatırladan Əliyev forumun müsbət nəticələr verəcəyinə inamını ifadə edib.

Həssas qrupların məşğulluq proqramlarına fəal dəstək verən sosial tərəfdaşlara tədbirdə mükafatlar təqdim olunub. Gənclərin, qadınların, müharibə veteranlarının, şəhid ailəsi üzvlərinin və əlilliyi olan şəxslərin işlə təminatına verdikləri töhfəyə görə beş özəl sosial tərəfdaş təltif edilib.

Forumda üç mövzu üzrə panel müzakirələri keçirilib: işəgötürənlərin gözləntiləri, dövlət dəstəyi və əməkdaşlıq imkanları; qurumların fəaliyyəti, işəgötürənlərlə əlaqələr və əmək bazarının gündəmi; eləcə də biznes birliklərinin rolu, sosial məsuliyyət və birgə təşəbbüslər.

Müzakirələrdə işəgötürənlərin gözləntiləri, biznes üçün dövlət dəstəyi və təşviq mexanizmləri, qurumlarla əməkdaşlıq, əmək bazarının çağırışları, biznes birliklərinin məşğulluğa töhfəsi və dövlət-biznes tərəfdaşlığını genişləndirməyin yolları nəzərdən keçirilib.