QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, kredit borcu olan şəxsin vəfatı zamanı onun yaxınlarının bu öhdəliyi ödəyib-ödəməməsi miras qalan əmlakın dəyərindən asılıdır. İqtisadçı-ekspert Əkrəm Həsənovun sözlərinə görə, vərəsələrin məsuliyyəti onlara keçən mirasın həcmi ilə məhdudlaşır.
Ekspert bildirib ki, bank borcun ödənilməsini tələb edərkən vərəsələrə qalmış əmlakın qiymətini nəzərə almalıdır. Mərhumdan ev, avtomobil, pul və ya başqa əmlak qalıbsa, borc həmin əmlakın dəyəri həddində tələb oluna bilər. Банк bu həddi aşan məbləğin ödənilməsini vərəsələrdən tələb edə bilməz.
Əkrəm Həsənov qeyd edib ki, mərhumun heç bir əmlakı olmayıbsa, ailə üzvləri və vərəsələr krediti öz şəxsi vəsaitləri hesabına ödəməyə borclu deyillər. Mirasın dəyəri borcdan aşağı olduqda da onların məsuliyyəti yalnız aldıqları əmlakın qiyməti qədər olur.
Beləliklə, şəxsin vəfat etməsi övladlarının və digər yaxınlarının kredit borcunu avtomatik olaraq tam ödəməli olması demək deyil. Məsuliyyət mirasla bağlı qanunvericiliyə uyğun müəyyənləşdirilir.
Kredit müqaviləsi üzrə zaminin və ya birgə borcalanın olması, eləcə də sığortanın mövcudluğu borcun ödənilməsi məsələsinə ayrıca təsir edə bilər.