QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Qırğızıstanda çalışan MCG (Modern Construction Group) şirkəti ilə əməkdaşlıq edən sahibkar Qalib Qənbərov gördüyü işlərə görə 28 102 manat ödəniş almadığını bildirir.
Qənbərovun sözlərinə görə, Azərbaycan şirkəti MCG Qırğızıstanda otel inşa edib. Tikinti yekunlaşdıqdan və obyekt təhvil verilməyə hazırlaşdığı vaxt təmizlik işlərini onun rəhbərlik etdiyi şirkət həyata keçirib. Sahibkar iddia edir ki, görülən işlərə və xərclərə baxmayaraq, MCG rəhbərliyi avqustdan bəri borcu qaytarmayıb.
Şikayətçi məsələni təsdiqləyən müqavilə və başqa sənədlərin, video və audio yazıların, eləcə də işlərin yerinə yetirildiyini göstərən materialların onda olduğunu deyir.
Qənbərovun irəli sürdüyü digər iddia MCG-nin Qırğızıstandakı nümayəndəsi Ərcan Yılmazla bağlıdır. Onun sözlərinə görə, Yılmaz sahibkarın şirkətdə vəzifəyə təyin etdiyi qadına əxlaqsız məzmunlu təkliflər verib. Şikayətçi iddia edir ki, qadın bu təklifləri qəbul etmədikdən sonra təmizlik xidmətinə görə nəzərdə tutulan ödənişdən imtina olunub. O, səs yazıları və digər sübutların mövcud olduğunu da bildirir.
Sahibkar MCG-də rəhbər vəzifə tutan Elbəy Rəcəbov və başqa məsul şəxslərlə danışaraq problemi həll etməyə çalışdığını, lakin buna nail olmadığını qeyd edir. Onun bildirdiyinə görə, tərəflər arasında əks ittihamlar da səslənib.
Şirkət rəhbərliyinin mövqeyini öyrənmək və məsələni araşdırmaq üçün MCG-nin ofisinə gedilib, lakin açıqlama verə biləcək rəhbərlər orada olmadığından şirkətin mövqeyi məlum olmayıb.
Qənbərov dəfələrlə vəd verilməsinə baxmayaraq, oteldəki təmizlik işlərinə görə 28 102 manatın ödənilmədiyini bildirir. O, aidiyyəti qurumlardan şikayətini obyektiv araşdırmağı, iddialarına hüquqi qiymət verməyi və pozulduğunu düşündüyü hüquqlarının bərpasına yardım göstərməyi xahiş edir.
Səsləndirilən fikirlər şikayətçinin iddialarıdır; onların doğruluğu müvafiq qurumlar tərəfindən təsdiqlənməyib.