QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Azərbaycan bu ilin yanvar-sentyabr aylarında Vyetnamla 136 milyon dollarlıq ticarət aparıb. Dövriyyənin 134,9 milyon dolları Vyetnamdan idxalın payına düşüb. Deputat Vüqar Bayramov sosial şəbəkədə bildirib ki, həmin dövrdə iki ölkə arasında 641 məhsul növü üzrə ticarət əlaqəsi olub.

İdxal siyahısında ilk sırada smartfonlar qərarlaşıb. Doqquz ay ərzində Vyetnamdan Azərbaycana 188 min 684 telefon gətirilib və onların alınmasına 73 milyon dollar xərclənib.

Ölkəyə, həmçinin səs, təsvir və digər məlumatların qəbulu, çevrilməsi və ötürülməsi üçün qurğular, o cümlədən kommutasiya avadanlıqları idxal olunub. Bu məhsulların dəyəri 4,9 milyon dollar təşkil edib. Portativ hesablama maşınlarının idxalı 4,6 milyon dollar, tozsoranların 2,9 milyon dollar, məlumatların işlənməsi qurğularının 2,5 milyon dollar olub.

Elektron modullar üçün 2,4 milyon, qulaqcıq və baş telefonları üçün isə 2,2 milyon dollar ödənilib. İdxal edilənlər arasında 2 milyon dollarlıq keşyu, hər biri 1,4 milyon dollar dəyərində printer və surətçıxarma aparatları, eləcə də Piper növlü istiot var. Ayaqqabıların idxal dəyəri 1,3 milyon dollar, statik dəyişdiricilərin 1,1 milyon dollar, yaddaş qurğularının isə 1 milyon dollar olub.

Vyetnamdan Azərbaycana paltaryuyan maşınlar, dərman preparatları, dondurulmuş naqqa balığı və başqa məhsullar da gətirilib.

Bayramovun qeyd etdiyi kimi, Azərbaycanın Vyetnama ixracı idxaldan xeyli azdır. 2026-cı ilin ilk doqquz ayında ixracın 90 faizdən artıq hissəsini tütün təşkil edib və bu məhsulun dəyəri 1 milyon dollar olub. Digər ixrac mallarının həcmi nisbətən aşağı səviyyədə qalıb.

Deputat iki ölkə arasında ticarətin genişləndirilməsi üçün əhəmiyyətli imkanların olduğunu bildirib. Onun fikrincə, Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri iqtisadi əməkdaşlığın inkişafına və qarşılıqlı ticarət dövriyyəsinin artmasına təkan verə bilər.