QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Bakıda avtomobil gətirmək vədi ilə bir vətəndaşdan 261 130 manat alan şəxs saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.
İstintaq materiallarına əsasən, Bakı sakini, 1981-ci il təvəllüdlü M.M.-ni Ülvi Cəlilzadə aldadıb. O, öz adına “Avtolayn” şirkəti yaradaraq ABŞ-dan və ərəb ölkələrindən “Range Rover” və digər markalı avtomobilləri sərfəli qiymətlə gətirəcəyini bildirib.
Bu ilin iyun-iyul aylarında razılıq əldə olunduqdan sonra zərərçəkmiş 261 130 manatı bank köçürməsi ilə xarici ölkədəki hesaba göndərib.
Avtomobillər isə gətirilməyib. Ü.Cəlilzadə maşınların artıq alındığını, yolda olduğunu və sənədləşdirildiyini deyərək zərərçəkmişi gözlədib.
Araşdırma zamanı avtomobillərin alınması və gətirilməsi üçün heç bir tədbirin görülmədiyi, zərərçəkmişə təqdim olunan məlumat və sübutların saxta olduğu müəyyənləşib.
Vətəndaşın şikayətindən sonra cinayət işi başlanıb. Polis tədbirləri nəticəsində Ü.Cəlilzadə saxlanılıb və onun barəsində həbs qətimkan tədbiri seçilib. Faktla bağlı araşdırma davam edir.