QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Yekaterina Vasilyevna Engelqardt XVIII əsrin sərt qadın davranışı qəliblərinə sığmayan, gözəlliyi və şəxsi həyatı ilə Sankt-Peterburq cəmiyyətinin diqqətini çəkən aristokratlardan biri olub. Onun adı knyaz Qriqori Potyomkinlə münasibəti və sonrakı qalmaqallı həyat hekayəsi ilə yadda qalıb.

Yekaterina 1761-ci ildə Smolensk quberniyasında, torpaq sahibi Vasili Andreyeviç Engelqardt və Yelena Aleksandrovnanın ailəsində doğulub. Anası imperatriça II Yekaterinanın yaxın adamı və Tavriya knyazı Qriqori Aleksandroviç Potyomkinin doğma bacısı idi.

Beş qız və iki oğlanın böyüdüyü ailədə Yekaterinanın uşaqlığı əyalətdə keçib. Anası erkən vəfat etdikdən sonra bacıların qayğısını nüfuzlu dayıları öz üzərinə götürüb. 1776-cı ildə, 15 yaşında ikən Yekaterina bacıları ilə Sankt-Peterburqa aparılıb və II Yekaterinanın sarayında fəxri xanım statusu alıb.

O, dərin təhsil almamış, kitab oxumağa və elmi məşğuliyyətlərə maraq göstərməmişdi. Müasirlərinin xatirələrində Yekaterinanın rahatlığa və dəbli geyimlərə üstünlük verdiyi, yatmazdan əvvəl isə xidmətindəki təhkimli qadının ona nağıl danışdığı qeyd olunur. Bununla belə, gözəlliyi və mülayim davranışı onu seçilən simaya çevirirdi.

Potyomkin bacılarını öz evində yerləşdirmişdi. Təxminən 40 yaşında olan knyazın diqqətini onların arasında ən gözəl sayılan Yekaterina çəkdi. Sarışın saçları, zərif cizgiləri və ifadəli baxışları ilə tanınan gənc qadınla onun münasibəti paytaxta gəlişindən az sonra başladı və Potyomkinin digər bacı qızları ilə münasibətlərindən daha uzun sürdü.

Xatirə müəllifləri Yekaterinanı sakit və süst təbiətli kimi təsvir edir, onun dayısına daha çox mülayimliyindən və onu incitmək istəmədiyindən qarşılıq verdiyini yazırdılar. Saray çevrələrində bu yaxınlıq narazılıq və qısqanclıqla qarşılanırdı. Fransız diplomat şevalye de Korberon Potyomkinin bacı qızlarına himayəsini Rusiyadakı əxlaqın vəziyyətinə istehzalı işarə kimi dəyərləndirirdi. Şair knyaz İvan Dolqorukov isə Yekaterinanın bacılarından ən gözəli olduğunu və dayısının ona vurulduğunu yazırdı.

1779-cu ildə Yekaterina hamilə qaldıqda, Potyomkin qalmaqalın qarşısını almaq üçün onu böyük bacısının müşayiəti ilə ölkə xaricinə yolladı. 1781-ci ilin noyabrında isə onun mövqeyini möhkəmləndirmək məqsədilə qızı imperiyanın ən varlı bəylərindən qraf Pavel Martınoviç Skavronski ilə evləndirdi.

Musiqiyə həddindən artıq bağlılığı ilə seçilən Skavronski opera bəstələyir, xidmətçilərinin onunla musiqili danışıq — reçitativ vasitəsilə ünsiyyət qurmasını istəyirdi. Qraf həyat yoldaşına bahalı hədiyyələr verir və onu çox sevirdi, lakin eyni zamanda qısqanc idi. Yekaterina evləndikdən sonra da Potyomkinlə gizli görüşürdü, daha sonra Avropada başqa münasibətlər yaşadı.

Skavronski Neapolda Rusiyanın diplomatik nümayəndəsi təyin olunandan sonra cütlük İtaliyaya köçdü. Yekaterina burada rahat və dəbdəbəli həyat sürür, günlərinin çoxunu divanda keçirir, bəzən korsetsiz dincəlir və dayısının hədiyyə etdiyi brilyantları seyr edirdi. Fransız rəssam Elizabet Viqe-Lebren onun bir neçə portretini çəkmiş, Yekaterinanın dəbdəbəli mühitinə və tənbəlliyinə təəccüblənmişdi.

İlk nikahdan iki qızı dünyaya gəldi: Mariya 1782-ci ildə, Yekaterina isə 1783-cü ildə doğuldu. Anaları onların tərbiyəsini əsasən dayələrə, mürəbbiyələrə və qohumlara həvalə etmişdi. Böyük qızı Mariya qraf Pavel Palenlə, kiçik qızı Yekaterina isə sərkərdə knyaz Pyotr Baqrationla ailə qurdu. Kiçik Yekaterina çoxsaylı eşq macəraları ilə tanındı və “Gəzən ulduz” adlandırıldı.

Qraf Skavronski 1793-cü ildə vəfat edəndə Yekaterinaya böyük sərvət qaldı. Dul qadın İtaliyada Malta ordeninin cəngavəri, qraf Culio Litta ilə yaxınlaşdı. Onunla evlənmək istəyən Litta Roma Papası VI Piyə müraciət edərək rahibliklə bağlı subaylıq andından azad edilməsinə nail oldu. Cütlük 1798-ci ildə evləndi və sonradan Rusiyada yaşamağa başladı. Bu nikah sakit və xoşbəxt keçsə də, onların övladı olmadı.

Sankt-Peterburqa qayıdandan sonra qrafinya Litta sarayda nüfuz qazandı. O, qadınlara verilən ən yüksək təltiflərdən sayılan Müqəddəs Yekaterina ordeninə, eləcə də Müqəddəs İohann Yerusəlimski ordeninə layiq görüldü. 1824-cü ildə ona qofmeysterina saray vəzifəsi verildi.

Yekaterina yaşlandıqca əvvəlki gözəlliyinin bir qismini itirsə də, dəbdəbəyə bağlılığını və sakit həyat tərzini qorudu. O, 1829-cu il fevralın 7-də Sankt-Peterburqda, 68 yaşında vəfat etdi və Aleksandr Nevski Lavrasında dəfn olundu.

Engelqardtın həyatı II Yekaterina dövründə saray siyasəti ilə yanaşı gizli münasibətlərin və qalmaqalların da cəmiyyətin diqqətində olduğunu göstərir. Potyomkinin sevimlisi, varlı qrafın həyat yoldaşı və sonradan sarayın yüksək vəzifəli xanımlarından biri kimi tanınan Yekaterina gözəlliyi və qeyri-adi həyat yolu ilə yadda qalıb.